“DOST”, yoxsa düşmən? - nazirlik ehtiyacı olan vətəndaşlara niyə yardım etmir?

“DOST”, yoxsa düşmən? - nazirlik ehtiyacı olan vətəndaşlara niyə yardım etmir?

Necə olur ki, dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılan 657 milyon manatdan bu vətəndaşın payına dərman almaq üçün heç 20 manat da düşmür?..

Gözümüzdən kənarda ciddi problemlərlə vuruşan insanlar var. Kimisi plastik qablar yığır, kimisi boyat çörək, kimisi də qapı-qapı gəzib metallomluq mallar axtarır. Bu adamların nə bir “salam-əleyküm” edəni var, nə də kömək əli uzadanı. Belə insanlar saatlarla qurumların qapısında növbə gözləməklə ölən ümidlərini ara-sıra qabağına çıxan gənclərdən umurlar ki, bəlkə, internetdə kimsə görsə dərdinə çarə tapılar. Yəni vətəndaşın ümidi elə vətəndaşa qalıb.

Aşağıdakı videoda bir ümid əlaqə nömrəsini deyən ağsaqqala baxanda düşünmədən dayana bilmədim. Necə olur ki, dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılan 657 milyon manatdan bu vətəndaşın payına dərman almaq üçün heç 20 manat da düşmür?

Yaxud Səhiyyənin hesabına ayrılan 670 milyon manatdan vərəm xəstəsi olan bu ağsaqqala heç mi qara qəpik düşmədi?

“İnsanı geyiminə qarşılayıb, ağlına görə yola salarlar” məsəlini yanlış anlayan nazirliklər həqiqətən ehtiyacı olanları növbələrdə saxlayıb, “onsuz da səsini çıxara bilməz” düşüncəsilə işlərinə baxmırlar.

Dəfələrlə halı-imkanı yaxşı olanların sosial müavinətlərini almaq üçün bankomat növbəsində olduğunu görmüşük və bu müavinətlərin necə “düzəldildiyi” isə hər kəsə məlumdur. Yaradılan bütün bu inamsızlığı,rüşvətə bulaşmış kariyeraları görüntü naminə də olsa, bircə nazirlik rəsmisi, ya elə nazirin özü demir ki, ay vətəndaş, gəl dərdinə şərik olum. Sonra da sabiq nazirlərlə bağlı araşdırılma aparılması haqda danışırıq.

Əgər ayrılan milyonlar ehtiyacı olan insanlara çatmırsa, demək ki, oğurlanır və elə məhz bunu araşdırmaq lazımdır. Əgər o ƏƏSMN belə vətəndaşını aylarla yalan vədlər verirsə, lap elə nazirliyin işıqlarını da kəsmək lazımdır ki, daha işləməsinlər. Çünki boş yerə işıq pulu yandırıb, yer tuturlar.

“Dost” olması üçün yaradılan qurumların axırda vətəndaşa düşmən çıxması təkcə bir vətəndaşın köməksiz qalması deyil, həm də bütöv xalqa biçilən bir dramdır. “Baxın yurddaşlar aramızda diri-diri öldürülənlər var”, görüntüsü çıxır ortaya...

Ziya MEHTİ
pia.az

Mənbə: pia.az