Vəkil bu dəfə hakim qarşısına müttəhim kimi çıxarılır

Vəkil bu dəfə hakim qarşısına müttəhim kimi çıxarılır

Müdafiə etdiyi şəxsdən 15 min manat pul vəsaiti almaqda ittiham edilən vəkil Misir Şahquliyevin cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

İş üzrə toplanmış materiallar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Şahquliyevə qarşı yekun olaraq Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə ittiham elan olunub.

Bu dəfə müttəhim kürsüsündə əyləşəcək vəkilin işini hakim Vüsal Qurbanov araşdıracaq.

Qeyd edək ki, məsələ ilə bağlı ilk məlumatı “Qafqazinfo” yayıb. Sonradan Baş prokurorluq məlumatı təsdiq edib. Qurumun yaydığı məlumatda deyilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsi ilə baxılan cinayət işi üzrə təqsirləndirilən şəxsin müqavilə əsasında müdafiəçisi qismində iştirak edən Misir Şahquliyevin öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə etməklə məhkəmə kollegiyasının qərarına qanunsuz təsir etmək imkanının olmasını bildirib təqsirləndirilən şəxsə yüngül cəza təyin olunması məqsədilə 15 min manat pul vəsaiti almasına əsaslı şübhələr müəyyən edilib.

M.Şahquliyev həbsdə deyil. Onun haqda ibtidai istintaq dövründə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Mənbə: qafqazinfo.az