“Milli Məclisdə biznesmenlər oturacaqsa..” – “Kölgə iqtisadiyyatı”nı gün işığına necə çıxarmalı?

“Milli Məclisdə biznesmenlər oturacaqsa..” – “Kölgə iqtisadiyyatı”nı gün işığına necə çıxarmalı?

"Qanunları yumşaltmalı və təcili olaraq gəlir deklorasiyasını qəbul etməliyik”.

Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycanda hökm sürən kölgə iqtisadiyyatına qarşı hansı metodlarla mübarizə aparmağın daha effektli olmasına münasibət bildirərkən ekspert Cümşüd Nuriyev deyib:

"Azərbaycanda kölgə iqtisadiyyatının olduğu dövlət səviyyəsində də qəbul edilib. Çünki harada korrupsiya və rüşvət varsa, artıq orada kölgə iqtisadiyyatı da var. Dövlət məmuru oliqarx olursa, bu dövlətin idarəçiliyi də oliqapoliyaya çevrilir. Yəni, dövlət tədricən demokratiyadan uzaqlaşmağa başlayır və oliqapoliya olur. Azərbaycanda da təəssüf ki, bu meyl çox güclüdür. Ona görə də əksər anlarda prezident meydanda tək qalır. Çünki həmin oliqarxlar dövlətin mənafeyini deyil, yığdıqları qanunsuz vəsaitləri qorumaqla məşğuldur”.

Həmsöhbətimiz qanuni vasitələrlə gizli iqtisadiyyata qarşı mübarizənin nəticə vermədiyi qənaətindədir: "Düşünmürəm ki, qanuni yollarla kölgə iqtisadiyyatının qarşısını almaq mümkün olsun. Bu məsələdə əksinə, qanunları yumşaltmalıyıq. Təcili olaraq, gəlirlərin deklorasiyası tətbiq olunmalıdır. Hətta bəzi 20-25 yaşlı gənclər belə çirkin yollarla böyük mülklərə sahib olublar. Gəlir deklorasiyası olmalıdır ki, bu gənclərin haradan həmin mülklərə yiyələndiyi məlum olsun. Bir dövlətdə ki tayfabazlıq üstünlük təşkil edir, orada normal iş görmək mümkün olmayacaq”.

C. Nuriyev bildirdi ki dövlət özü kölgə iqtisadiyaytının üzərinə getməlidir: "Getmirsə, deməli burada oturan bəzi adamlar kölgə iqtisadiyyatının "çiçəklənməsində” maraqlıdır. Adi icra başçıları Avropada geniş mülklərə malikdir. Milyardlarla pul Avropaya axıb. Dövləti çapıb talayıblar”.

Digər tərəfdən, ekspert bu məsələdə amnistiya elan edilməsini də təklif edir: "Kölgə iqtisadiyyatına qarşı mübarizədə növbəti addım olaraq yığılan rüşvətə amnistiya verilməlidir, qanuniləşdirilməlidir. 1992-ci ildə qanun qəbul edildi ki, rüşvətin mənbəyindən asılı olmayaraq, onun leqallaşması fonunda dövlət ona maneəçilik törətməyəcək. Bu işi də Milli Məclis etməlidir. Amma parlamentdə bir neçə deputatı çıxmaq şərtilə yerdə qalanların bu məsələdə ümumiyyətlə sözü yoxdur. Çünki özləri biznesmendir. Nə qədər ki Milli Məclisdə bu qədər biznesmen oturacaq Azərbaycanda kölgə iqtisadiyyatı ilə bağlı vəziyyət daha da pisləşəcək”.

Elçin

Mənbə: sfera.az