“Dilin möcüzəli imkanları” kitabı çapdan çıxıb

“Dilin möcüzəli imkanları” kitabı çapdan çıxıb

Bakı, 17 sentyabr, AZƏRTAC

Azərbaycan dilində hər kəlməni, sözü sevmək, onun mənasını və mənalarını duymaq, hətta mövcud olma tarixinə baş vurmaq kəlmələrə, sözlərə olan sevgidir. Kəlmələrə, sözlərə olan sevgi bütövlükdə doğma ana dilinə – Azərbaycan dilinə olan sevgidir. Dil – Azərbaycan dili tükənməyən bir möcüzədir. Bu möcüzə hər an, hər saat, hər gün bizimlədir. O bizim hər birimizin köməyinə çatır, hər birimizin xidmətindədir. Heç kəs ondan doymur, bezmir, əksinə, hər dəfə ondan istifadə etməklə yenilənir, təzələnir, əhval-ruhiyyəsi dəyişir, həyat eşqi artır, inam və ümidi güclənir. Bunların hamısını dil, daha doğrusu, dilin möcüzəsi yaradır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Dövlət Dil Komissiyasının üzvü, filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilovun “Adiloğlu” nəşriyyatında yeni çapdan çıxmış “Dilin möcüzəli imkanları” kitabında yer alıb.

Kitabda dilin tükənməyən bir möcüzə olduğu öz təsdiqini və təzahürünü tapır, dil quruculuğu prosesinin diqqəti cəlb edən tərəfləri təhlil olunur, eləcə də Azərbaycan dilinin fərdlər arasında birlik yaratmaq imkanları diqqətə çatdırılır. Əsərdə Vətənə, dilə aşıqliyin sevgidən başlanmasına, Azərbaycan dilinin könül, ürək və aşiqlərin dili kimi hər bir azərbaycanlının həyatında oynadığı rola xüsusi yer ayrılır.

Nəşrdə, həmçinin Azərbaycan dilinin izdivac, ixrac və idxal imkanları təbii bir prosesin nəticəsi kimi dil faktları əsasında araşdırılır, dilin praktik və mövcud imkanları xüsusi olaraq tədqiqat obyektinə çevrilir.

Kitabın elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor İsmayıl Məmmədli, rəyçiləri isə filologiya üzrə elmlər doktoru, professor Mahirə Hüseynova, filologiya üzrə elmlər doktoru Sərdar Zeynal və filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyevdir.

Qeyd edək ki, Buludxan Xəlilov 42 kitabın (dərslik, dərs vəsaiti, monoqrafiya), 7 tədris proqramının və 400-dən çox elmi məqalənin müəllifidir.

Mənbə: azertag.az