Zaqatalanın dağ çaylarında sahilbərkitmə işləri davam etdirilir

Zaqatalanın dağ çaylarında sahilbərkitmə işləri davam etdirilir

Zaqatala, 17 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Zaqatala rayonunun yaşayış məntəqələrinin və əkin sahələrinin sel sularından etibarlı mühafizəsini təmin etmək məqsədilə rayon ərazisindən axan dağ çaylarında sahilbərkitmə işləri davam etdirilir. Cari ilin ötən dövründə Zaqatala şəhərinin ərazisindən axan Bəkməz çayında dövlət vəsaiti hesabına ümumi uzunluğu 200 poqonmetr, həmçinin Qımır, Çobankol kəndlərinin və Əliabad qəsəbəsinin əkin sahələrinin mühafizəsi məqsədilə Muxax çayın sağ sahilində uzunluğu 100 poqonmetr olan daş-beton bəndlər tikilib. Göyəm və Dardoqqaz kəndlərinin əkin sahələrinin və yaşayış məntəqələrinin mühafizəsi məqsədilə Talaçay sistemində dövlət vəsaiti hesabına inşa edilən 70 poqonmetr uzunluğunda daş-beton bəndin tikintisi də artıq başa çatmaq üzrədir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Zaqatala rayon Suvarma Sistemləri İdarəsinin rəisi Fikrət Şərifov məlumat verib.

İdarə rəisi bildirib ki, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədi ilə cari ilin ötən dövründə suvarma kanallarında 261 min kubmetr həcmdə lildən təmizləmə işləri aparılıb. Eyni zamanda, həmin müddətdə rayon ərazisindən axan çaylarda sel sularından mühafizə məqsədilə 835 min kubmetr həcmdə çay yataqlarının təmizlənməsi işləri görülüb. Bundan əlavə, cari ildə idarə tərəfindən daş-beton bəndlərdə 1603 kibmetr həcmdə cari təmir işləri görülüb, Çobankol kəndi ərazisində, Muxax çayın sağ və sol sahillərində qabion bəndlər quraşdırılıb.

Mənbə: azertag.az