11 ildir nəşi tapılmayan şəhid pilot polkovnik-leytenant Fəxrəddin İlham oğlu Əsgərov

11 ildir nəşi tapılmayan şəhid pilot polkovnik-leytenant Fəxrəddin İlham oğlu Əsgərov

1974-cü il, iyunun 29-da Qazax rayonunda anadan olub. Orta məktəbi Qazax, 2 saylı orta məktəbində (rus bölməsində) oxuyub, məktəbi yüksək qiymətlərlə başa vurub. Yuxarı siniflərdə oxuyanda könüllü kimi Qarabağ uğrunda gedən döyüşlərdə (Qazax rayonunun kəndlərində) iştirak edib. Düşmənə qarşı mübarizə ruhu, torpaqlarımızı azad etmək istəyi onun hərbçi olmağına səbəb olur.

 

Fəxrəddin Əsgərov 1992-ci ildə Türkiyə Respublikası Ali Hərbi Təyyarəçilik məktəbinə daxil olur. Burada oxuduğu müddətdə də o, həm savadı, çalışqanlığı, həm də nəzakətli davranışı ilə bütün müəllim heyətinin-komandanlığın və kursant yoldaşlarının hörmətini, sevgisini qazanır. Bu səbəbdən olacaq ki, Fəxrəddin Əsgərov oxuduqları Ali Hərbi məktəbin yataqxanasına nəzarətçi təyin olunan ilk xarici tələbə olur.

O, 1996-cı ildə Hərbi Təyyarəçilik məktəbini qırmızı diplomla bitirir və ona yüksək göstəricisinə görə Türkiyə dövləti tərəfindən hədiyyələr təqdim edilir.

 

Təyyarəçilik məktəbində oxuduğu bölüm komputer mühəndisliyi bölümü idi. Təbii ki, istəsə komputer mühəndisi kimi işləyə və el dili ilə desək özünə gözəl gələcək qura bilərdi. Lakin əvvəl də vurğuladığımız kimi Fəxrəddin düşmənə qarşı mübarizə aparmaq, vətənimizi mənfurlardan qorumaq arzusu ilə həmin ali məktəbi seçmişdi.

O, 1996-cı ildən ömrünün sonunadək – 2008-ci il yanvarın 29-a qədər çox yüksək vətənpərvərlik və peşəkarlıqla Azərbaycan Respublikasına xidmət edir. 3 ay içində qırıcı təyyarədə təkbaşına uçmağı öyrənir. Bu çox yüksək göstəricidir. Çünki pilotların təkbaşına uçmağı öyrənməsi bəzən illər alır.

 

Fəxrəddin xidmət etdiyi hərbi hissədə 10 il (on il) ərzində baş təyyarəçi vəzifəsindən qərərgah rəisi, hərbi hissə komandiri və qarnizon rəisi vəzifələrinə qədər yüksəlir. Xidmət etdiyi dövrdə Li-39, Su-17, Su-25, MİQ-29 tipli döyüş təyyarələrini qısa zamanda mənimsəyərək ölkəmizin gənc təyyarəçilərinin yetişdirilməsində təlimatçı-təyyarəçi kimi fəal iştirak edir.

Həmçinin F. Əsgərov, Qarabağ müharibəsindən sonra ölkəmizin hava məkanını qoruyan ilk təyyarəçimiz olmuşdur. Belə ki, Azərbaycan Respublikasının (İran tərəfdən) hava məkanının qorunması zamanı həyəcan siqnalı ilə Su-17 qırıcı-bombardımançı təyyarəsi ilə havaya qalxmış və hva sərhəddimizi pozan qüvvələr geri çəkilmişdilər.

 

Keçirilən hərbi paradlarda Azərbaycan Bayrağını vətən səmasına çəkən pilotlarımızdan biri də və hətta bu işin ərsəyə gəlməsində xüsusi səy göstərən, əmək sərf edən məhz Fəxrəddin Əsgərov olmuşdur. Dövrünün ən çox uçuş saatına malik olan pilotu olub.

Xidməti vəzifəsini yerinə yetirməyə başladıqdan sonra yüksək xidməti bacarığına görə hərbi rütbələri də artmışdır. Qısa müddətdə kapitan, ardınca mayor, 31 yaşında isə - 10 dekabr 2005-ci il tarixdə - polkovnik leytenant hərbi rütbəsi alır.

Xidmət müddətində 24 iyun, 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin əmri ilə "Hərbi Xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunmuşdur.

Polkovnik leytenant Fəxrəddin Əsgərov N saylı hərbi hissədə qərargah rəisi vəzifəsində xidmət etdiyi dövrdə 29 yanvar 2008-ci ildə döyüş hazırlığı planı əsasında kapitan Əfqan Aslanov ilə birlikdə MİQ-29 təyyarəsi ilə təlimatçı qismində hava döyüşü uçuşu yerinə yetirərkən təyyarə naməlum səbəbdən Şorabad istiqamətində Xəzər dənizinə düşür. Aparılan uzun müddətli axtarışlar nəticəsində Əfqan Aslanovun nəşi tapılaraq dəfn edilsə də Fəxrəddin Əsgərov oturduğu kreslo ilə birlikdə tapılmır. Fəxrəddin son nəfəsinədək vətəninə xidmət etdi! Özündən sonraya isə yetişdirdiyi yüzlərlə pilot, onu tanıyan hər kəsin qəlbində xoş xatirə, sevgi və iki azyaşlı övlad qoydu.

 

Fəxrəddin İdmanı da çox sevirdi. XI sinifdə oxuyanda Qazax rayonunda üzrə güləş üzrə I (birinci) yeri tutub.

Qəzasından sonra Türkiyədə oxuduğu Ali məktəbin dərc etdiyi "Gün işığı” jurnalında onun haqqında yazı verilmişdi.

3 uşaqlı ailənin böyük oğlu idi.

Digər şəhid pilotlarımızdan Famil Məmmədli Fəxrəddindən sonra özü şəhid olana qədər 2 il (iki il) hər gün işə gedəndə ona olan sevgisindən başına Fəxrəddinin papağını qoyardı.

Urfan Vəlizadə, Rəşad Atakişiyev Fəxrəddinin şəklini özlərində saxlayırdılar.

 

Allah hamısına rəhmət eləsin.

Mənbə: veteninfo.az