Prokurordan İlkinin cəzası haqda TƏKLİF

Prokurordan İlkinin cəzası haqda TƏKLİF

10 yaşlı Nərmin cinayəti ilə bağlı məhkum edilmiş İlkin Süleymanovun şikayəti üzrə məhkəmə baxışı yekunlaşır.

Şikayət Gəncə Apellyasiya Məhkəməsində araşdırılıb.

İlkin Süleymanov özünü təqsirli bilmir. Onun işi üzrə məhkəmə araşdırması 2 ilə yaxın davam etmişdi. Təqsirləndirilən şəxsin vəkillərinin vəsatətləri əsasında əlavə şahidlər də məhkəmədə ifadə veriblər.

Vəkillər çıxışlarında İ. Süleymanovun cinayətlə əlaqəsinin olmadığını deyərək bəraət qərarı çıxarılmasını xahiş ediblər.

Mərhum Nərminin atası isə İlkini günahkar hesab edir. Bu səbəbdən hökmdən o da apellyasiya şikayəti verib. Şərif Quliyev qızının qətlinə görə İlkin Süleymanovun ömürlük məhkum edilməsini istəyib. O, məhkəmədə ifadəsində müdafiə tərəfinin əksər suallarına cavab verməkdən yayınıb. Müdafiə tərəfi hüquqi varisin hərəkətinə, həmçinin məhkəməyə etiraz edib. Bundan sonra vəkillər əlavə nə isə deməyə ehtiyac görməyiblər.

Prokuror çıxış edərək həm İlkin Süleymanov, həm Şərif Quliyevin şikayətinin təmin edilməməsini, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 il azadlıqdan məhrumetmə cəzasının eynən qüvvədə saxlanılmasını tələb edib.

Rafiq Cəfərovun sədrlik etdiyi məhkəmə heyəti iclasın iyunun 10-na kimi təxirə salındığını elan edib.

Xatırladaq ki, hadisə 2020-ci ildə Tovuz rayonunun Dondar Quşçu kəndində baş verib.

İttihamda deyilir ki, İlkin Süleymanov oğurladığı 10 yaşlı Nərmin Quliyevanı xüsusi amansızlıqla öldürüb, izi itirmək üçün cəsədini yandırıb.

İ.Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinib.

Sail Ağasəlim

Mənbə: qafqazinfo.az