Xayrullo Bozarov: Özbəkistanın və Azərbaycanın regionları arasında əməkdaşlığın inkişaf etdirilməsi önəmlidir

Xayrullo Bozarov: Özbəkistanın və Azərbaycanın regionları arasında əməkdaşlığın inkişaf etdirilməsi önəmlidir

Daşkənd, 28 sentyabr, AZƏRTAC

Özbəkistanın Namanqan vilayətinin hakimi Xayrullo Bozarov bu ölkədə səfərdə olan Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Xayrullo Bozarov ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini bildirib. O qeyd edib ki, Özbəkistanın və Azərbaycanın regionları arasında da əməkdaşlığın inkişaf etdirilməsi ümumi işimizə böyük fayda verərdi.

Qənirə Paşayeva Azərbaycanın iqtisadi inkişafı haqqında məlumat verib, belə səfərlərin həm Özbəkistanda, həm də Azərbaycanda müntəzəm olaraq keçirilməsinin vacibliyindən danışıb. Milli Məclisin deputatı Azərbaycan və Özbəkistan şəhərləri arasında “Qardaşlaşmış şəhərlər” layihəsinin həyata keçirilməsi, Namanqanla Azərbaycanın Tovuz şəhərinin qardaşlaşması təklifi ilə çıxış edib.

Deputat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında da danışıb, Özbəkistanın bu məsələdə Azərbaycanın yanında olduğunu söyləyib və bu mövqeyinə görə ölkə rəhbərliyinə minnətdarlıq edib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iki ölkə arasında mədəniyyət, elm, təhsil sahələrində əməkdaşlıq, həyata keçirilən böyük layihələr haqqında danışıb, rəhbərlik etdiyi qurumun bu istiqamətdə fəaliyyətindən söhbət açıb. O, Azərbaycan mədəniyyətinin Özbəkistanın regionlarında tanıdılması, Namanqanda Azərbaycan mədəniyyəti, ədəbiyyatı günlərinin keçirilməsi, vilayətin kitabxanalarına Azərbaycana dair nəşrlərin hədiyyə edilməsi, turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə əlaqədar təkliflərlə çıxış edib. Diqqətə çatdırıb ki, Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Azərbaycanın və Özbəkistanın şair və yazıçılarının, tarixçilərinin əsərləri, ümumilikdə 60-a yaxın kitab özbək və Azərbaycan dillərinə tərcümə edilərək çap olunub.

Görüşdə iştirak edən Azərbaycan Yazıçılar Birliyinin Aran bölməsinin rəhbəri Sərbaz Hüseynoğlu, “Hədəf” liseyinin direktoru Şamil Əliyev yaradıcı təşkilatlar arasında əlaqələrin və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunublar. Onlar Namanqan vilayətinin və Azərbaycanın məktəbləri arasında “Qardaşlaşmış məktəb” layihəsini həyata keçirmək təklifini irəli sürüblər.

Tədbirdə Azərbaycandan şagirdlərin Namanqana, bu vilayətdən isə məktəblilərin Azərbaycana ekskursiyalarının, mübadilə proqramlarının təşkili müzakirə olunub, tərəflər bir-birinin tarixini, mədəniyyətini, nailiyyətlərini öyrənmək, qarşı tərəfə təqdim etmək istiqamətində maraqlı fikir mübadiləsi ediblər.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

Mənbə: azertag.az