"Sehrli Xalça" xalçayuma şirkəti xalçaları nə edir?-AÇIQLAMA

"Sehrli Xalça" xalçayuma şirkəti xalçaları nə edir?-AÇIQLAMA

Bakıda fəaliyyət göstərən xalça yuma şirkətlərindən biri olan "Sehrli Xalça" adlı təmizlik şirkəti ilə bağlı Sonxeber.az saytına şikayət daxil olub. Belə ki, Səma Əhmədli adlı şəxs şikayət edərək bildirib ki, təmizlik şirkətinə yuyulması üçün verdiyi xalçaları geri almaq heç də asan olmayıb:
" Xalçayuma şirkətinə 16.09.2019-cu il tarixində yumaq üçün verdiyim 7 ədəd xalçanı 23.09.2019-cu il tarixində təhvil alacağım çekdə qeyd olunub. Lakin 10 gün gözlədik gətirmədilər. Hər gün zəng etdik. Əməkdaşları gətirəcəklərini bildirsələr də gətirmirdilər. Axırda həyat yoldaşım zəng edib, polislə gələcəyini dedi. Bundan sonra onlar xalçalardan 6-nı gətirdilər. Amma biri yox idi. Daha sonra yenidən zəng edib xalçanı gətirmədikləri təqdirdə maddi zərəri ödəməli olduqlarını, dələduzluq etdikləri üçün məhkəməyə müraciət edəcəyimi bildirdim. Nəhayət, üzr istədilər və xalçanı gətirdilər" .
Şikayətçi onu da bildirib ki, əgər gec gətiriləcəksə və ya nəsə problem yaranarsa, əvvəlcədən məlumatlandırmaları ilə bağlı xəbərdarlıq da edib.
Şikayətlə bağlı sözügedən təmizlik şirkəti ilə əlaqə saxlayan Sonxeber.az saytına şirkətin operatoru Sədaqət Qasımova bildirib ki, hazırda xalçayuma mövsümüdür:
"Ötən ilə nisbətən bu il şirkətimizə müraciətlər olduqca çoxdur. Bu da təbii olaraq qarışıqlığa səbəb olur. Biz bütün müştərilərə məlumat veririk ki, xalçalar gec çatacaq. Ən azı 2 həftəyə çatdırma olacaq. Ola bilər ki, həmin müştərinin xalçaları çox kirli və ləkəli olub. Belə olduğu halda biz xalçaları bir dəfə yox, bir neçə dəfə yumalı oluruq. Bu da xeyli zaman alır ".
Qeyd edək ki, sözügedən şirkətlə bağlı artıq bir neçə dəfə şikayət olub.

Lamiyə Məmmədova

Mənbə: sonxeber.az