Azərbaycan narkomanları “şüşə” və “kakos”a keçir NARKOLOJİ MƏRKƏZİN DİREKTORU TƏHLÜKƏLİ TENDENSİYANI AÇIQLADI

Azərbaycan narkomanları “şüşə” və “kakos”a keçir NARKOLOJİ MƏRKƏZİN DİREKTORU TƏHLÜKƏLİ TENDENSİYANI AÇIQLADI

Respublika Narkoloji Mərkəzdə təxminən 300 qadın narkotik vasitə istifadəçisi kimi qeydiyyatdadır.

Bunu virtualaz.org-a mərkəzin direktoru Araz Manuçəri bildirib. Manuçəri söyləyib ki, hazırda rəsmi qeydiyyatda olan narkotik vasitə istifadəçilərinin sayı 32 min nəfərdir. Lakin qeyri-rəsmi rəqəmlər rəsmi göstəricidən bir neçə dəfə çoxdur.

Mərkəz rəhbərinin sözlərinə görə, narkotik istifadəçilərinin 50 faizi heroin, sintetik heroin, yəni kakos və tiryəkdən istifadə edir. “Son illərdə opioid istifadəçilərinin ümumi faizinin azaldığı müşahidə edilir. Amma anfetamin və metamfetamin istifadəçilərinin sayı çoxalmağa başlayıb. Bu narkotika istifadəçiləri arasında “şüşə” adlandırılır və çox güclü narkotikdir. Hətta heroindən də güclüdür. Axır zamanlar belə bir tendensiya yaranıb, istifadəçilər artıq “iynəyə” üstünlük vermirlər, daha çox “kakos” və “şüşədən” istifadə edirlər. Sintetik narkotiklər insanda ağır psixi pozuntular yaradır”,-Manuçəri əlavə edib.

Mərkəz rəhbərinin sözlərinə görə, sintetik narkotik maddələr həm də ona görə xüsusi təhlükəli hesab edilir ki, birinci dəfədən asılılıq yaradır. Bəzən isə heroin və kokaini yuyucu toz və ya şəkər tozu qatıb satırlar, ona görə də, narkomanda şəkər diabeti tez inkişaf edir.

Manuçəri rəsmi qeydiyyatda olan narkotik vasitə istifadəçiləri arasında azyaşlıların olmadığını da qeyd edib və söyləyib ki, yalnız 50 nəfərə yaxın yeniyetmə narkotik vasitə istifadəçisi kimi qeydiyyata alınıb: “Məktəblilər arasında sintetik narkotik vasitələrdən istifadə halları yoxdur. Amma bəzən azyaşlıların psixotrop maddələrdən istifadəsi mümkündür. Hansı ki, o dərmanlar epilepsiya, onkoloji, şəkər xəstəliklərinin müalicəsində istifadə olunur. Bu dərmanların narkotik təsiri var”.

Mütəxəssis təcrübəsində qarşılaşdığı hadisələrdən birini danışıb: “12 yaşlı qız vardı, atası onun rəfiqələri ilə birgə kafeyə getməsinə icazə verməyib. Qız depressiyaya düşüb, ağlayıb. Dostlarından biri ona dərman təklif edib, qız içib, əhvalı yaxşılaşıb. Səhəri gün həmin dərmandan yenidən istifadə edib. Bir neçə gündən sonra oğlan dərmanın bir həbini 1 manatdan satıb. Vaxt uzandıqca dərmanın qiymətini qaldırıb və beləliklə valideynlərindən pul ala bilməyən qız evdən oğurluq etməyə məcbur olub. Valideynləri isə evə kamera yerləşdirməklə hadisədən xəbər tutubalr. Uşaq dərman içdiyini zənn edib, bunun narkotik tərkibli olduğunu bilməyib. Buna görə də məktəblilər arasında təbliğat aparırıq, uşaqlar bilsinlər, zərərli olduğunu anlasınlar”.

Mərkəz rəhbəri uşaqların energetik içkilərdən çox istifadə etməsininin zərərli olduğunu, bu zərərin zamanla üzə çıxdığını da söyləyib. “Həftədə 1-2 dəfə energetik içkilərdən istifadə ziyan törətmir. Amma mütəmadi içilməsi təhlükəlidir. Yəni gələcəkdə riski artıran faktorlardan biri də enerji içkiləridir, onların saysız istifadəsidir. Enerji içkilərindən mütəmadi istifadə asılılıq yaradır. Cavan uşaqlar bədəni stimullaşdırmaq üçün dincəlmək əvəzinə gün ərzində 6-7 enerji içkisi qəbul edir. Bu içkilər asılılıq yaradır, bir müddətdən sonra artıq enerji içkiləri kömək eləməyəcək, başqa bir şey axtaracaqlar. Uşaqlar bilməlidir ki, gündəlik 3-4 bankadan artıq qəbul edilirsə bu narkotik effekti verir”'.

A.Manuçəri deyib ki, narkomanların müalicəsi mümkündür, amma bunun üçün istək olmalıdır. Mərkəzdə xidmətlər könüllülük prinsipi əsasında həyata keçirilir və 18 yaşından yuxarı ehtiyacı olan hər bir şəxs yüksək səviyyədə müalicə ala bilər.

Ü.Xudiyeva

Virtualaz.org

Mənbə: virtualaz.org