""9111" taksi sürücüləri məsuliyyətsiz və laqeyddir".
Bununla bağlı Sonxeber.az saytına şikayət daxil olub. Belə ki, Firəngiz İsmayılova adlı şəxs şikayət edərək bildirib ki, bu vəziyyət ilə artıq bir neçə dəfə qarşılaşıb:
" Uzun müddətdir ki, övladımı məktəbə və hazırlıq kurslarına göndərmək üçün "9111" taksi şirkətindən sifariş verirəm.Taksi sifariş verəndə uşağı götürəcəyi məkanı da demişəm. Taksi uşağa deyib ki, filan yerə gəl səni oradan götürüm. Uşaq da o qədər yolu gələndən sonra taksi təkrar zəng edib deyib ki, mən artıq başqa sifariş götürmüşəm. Düzdür, əvvəllər belə hallarla qarşılaşmamışam. Lakin son zamanlar tez-tez məsuliyyətsizlik və laqeydlik görürəm.Bir dəfə də heç məlumat vermədən taksi başqa sifarişə gedib. Bəlkə uşağın başına bir hadisə gəlir. Mən bununla bağlı Bakı Nəqliyyat Agentliyinə və Bakı Nəqliyyat Nazirliyinə müraciət etmişəm . Lakin taksi şirkətlərinə cavabdeh olmadıqlarını bildiriblər. Bəs biz belə hallarla qarşılaşdıqda hara müraciət edək?"
Sözügedən şikayətlə bağlı 9111 taksi şirkətinin kommersiya direktoru Fərid Əbdülzadə Sonxeber.az-a açıqlama edib. O, bildirib ki, belə halların baş verməsinə görə sərnişinlər də günahkardır:
"Biz sərnişinin valideyni ilə danışmışıq. Sürücü sərnişini məktəbin qarşısından götürməli olub. Lakin məktəbin önündə sıxlıq olduğuna görə, sürücü taksini bir az irəlidə saxlayıb.Valideyn də sifariş verərkən taksidən istifadə edəcək şəxsin, yəni, övladının əlaqə nömrəsini verməyib. Taksi sürücüsü də onda olan nömrə ilə əlaqə saxlayıb. Yalnız bundan sonra valideyn övladının əlaqə nömrəsini verib və sürücü sərnişinlə əlaqə saxlayıb. Təbii ki, bu da müəyyən zaman alıb. Daha sonra sürücü sərnişinə məktəbin önündə sıxlıq olduğuna görə taksini bir qədər aralıda saxladığını və məktəblinin ora gəlməsini bildirib. Lakin uzun müddət gözləməsinə baxmayaraq sərnişin təyin olunan məkana gəlməyib. Taksi sürücüsü də bu sifarişdə ona ayrılan vaxt bitdiyinə görə digər sifarişə gedib. Amma biz yeni bir sürücünü həmin sərnişinin sifarişi üçün göndərdik və məktəbli evinə çatdırılıb. Belə hallarda sərnişinlər də diqqətli olmalıdır. Əlaqə nömrəsi verərkən yaxşı olar ki, taksidən istifadə edəcək şəxsin telefon nömrəsini versinlər".
Dəfələrlə qarşılaşdığımız taksi sifarişlərindən olan şikayətlərlə bağlı Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mayis Ağayevlə əlaqə saxladıq. O, məsələ ilə bağlı Sonxeber.az-a açıqlama edib. Mayis Ağayev bildirib ki, özəl taksi şirkətlərinə Bakı Nəqliyyat Agentliyi nəzarət etmir:
"Lakin belə şikayətlər olarsa, biz xüsusi tədbirlər görürük və o şikayətlərin öz həllini tapmasını təmin edirik. Təbii ki, öz səlahiyyətlərimiz çərçivəsində. Çünki, əsas olan sərnişinlərin rahatlığıdır.Baxmayaraq ki, həmin taksi şirkətlərində gediş haqqı sərnişinlər üçün münasib qiymətədir, lakin keyfiyyət də aşağıdır".
Mayis Ağayev bildirib ki, taksi xidməti sahəsində nizam-intizam yaradılacaq:
"Şəhərimizdə taksi xidmətinin keyfiyyətinin artırılması, sakinlərə və buraya gələn qonaqlara müasir və daha keyfiyyətli taksi xidməti göstərilməsi üçün xüsusi konsepsiya hazırlanır. Hazırda sözügedən taksi konsepsiyasının üzərində son dəyərləndirmələr aparılır. Bu konsepsiya icraya girdikdən sonra, taksi xidmətindəki çatışmazlıqlar aradan qalxacaq və problemlər öz həllini tapacaq".
Lamiyə Məmmədova
Mənbə: sonxeber.az