Mixail Qusman “Verşina” mükafatına layiq görülüb

Mixail Qusman “Verşina” mükafatına layiq görülüb

TASS informasiya agentliyi baş direktorunun birinci müavini, həmyerlimiz Mixail Qusman “Verşina” (“Zirvə”) mükafatına layiq görülüb.

AZƏRTAC xəbər verir ki, Yuri Lyubimovun “Verşina” ictimai mükafatının beşinci təqdimat mərasimi Moskvada Y.Vaxtanqov adına Dövlət Akademik Teatrında keçirilib. Mükafata, həmçinin Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının sədri Aleksandr Kalyagin və Rusiya Rəqqaslar İttifaqının prezidenti Stanislav Popov layiq görülüblər.

Mixail Qusmana mükafatı Birinci kanalın baş direktoru Konstantin Ernst təqdim edib. TASS onun aşağıdakı sözlərini sitat gətirir: “Mənə çox sevdiyim bir insanın – Yuri Petroviç Lyubimovun mükafatını çox böyük sevgi bəslədiyim digər dostuma təqdim etmək xoşbəxtliyi nəsib olub. Mixail Solomonoviç Qusman görkəmli insandır. O, ilk növbədə, böyük peşəkardır, ikincisi, onun TASS-da fəaliyyət göstərməsi Rusiya informasiya sistemi üçün mühüm üstünlükdür. XİN isə onun şəxsində danışıqlarda incə və ağıllı mütəxəssisi itirib”.

“Verşina” mükafatı 2015-ci ildə “Y.P.Lyubimovun teatr sənətinin inkişafı üzrə xeyriyyə fondu” qeyri-kommersiya təşkilatı tərəfindən təsis edilib və peşəkarlıq, öz işinə sadiqlik və vətəndaş mövqeyinə görə verilir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Mənbə: azertag.az