Balakən III Xurma festivalına hazırlaşır

Balakən, 9 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Oktyabrın 26-da Balakən rayonunda III Xurma festivalı keçiriləcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Kənd Təsərrüfatı və Mədəniyyət nazirliklərinin, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin, Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının, “Balxurma” MMC-nin dəstəyi ilə reallaşacaq festivalda xurmadan hazırlanmış geniş çeşiddə məhsullar nümayiş etdiriləcək, müxtəlif müsabiqələr, yarışlar təşkil olunacaq.

Festivala hazırlıq üzrə təşkilat komitəsinin üzvü, rayon icra hakimiyyəti başçısının müavini Mehbarə Əliyeva AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, festivalda ölkəmizdə fəaliyyət göstərən bir sıra xarici ölkə səfirliklərinin təmsilçiləri, nazirlik və dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, qonşu rayonlardan gəlmiş qonaqlar, xurma istehsalçıları və ixracatçıları, həmçinin rayon sakinləri iştirak edəcəklər.

Qonaqlar əvvəlcə ulu öndər Heydər Əliyevin parkda, dağüstü yüksəklikdə ucaldılmış abidəsi önünə gül dəstələri düzəcəklər.

Sonra Gərəkli kəndinin ərazisində yerləşən xurma bağına ekskursiya olacaq, xurma ağacları əkiləcək.

Festivalın rəsmi açılış mərasimi Heydər Əliyev adına mədəniyyət və istirahət parkında olacaq.

Festivala dəvət olunan qonaqlar və rayon sakinləri parkda xurmadan hazırlanmış kompozisiyalara və kulinariya məhsullarına baxacaq, rayonda istehsal edilən kənd təsərrüfatı və sənaye məhsullarının sərgiləri ilə tanış olacaqlar.

III Xurma festivalı konsert proqramı ilə başa çatacaq.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Ölkəmiz üçün “Afrika taunu” təhlükəsi varmı? - Nəqliyyat vasitələri sərhəddə dezinfeksiya olunur

SONRAKI XƏBƏR

Naxçıvan Dövlət Universitetində respublika elmi konfransı: “Kimya elminə müasir baxış”