Bu gün FHN-nin yaranma günüdür

Bu gün FHN-nin yaranma günüdür

Dekabrın 16-sı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 14-cü ildönümüdür.

Cebhe.info xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2005-ci il dekabrın 16-da Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında Sərəncam imzalayıb. Dövlətimizin başçısının 2006-cı il 8 dekabr tarixli Sərəncamına əsasən isə hər il dekabrın 16-sı ölkəmizdə FHN işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

Fəaliyyət göstərdiyi 14 il ərzində nazirlik baş verə biləcək fövqəladə hadisələrin vaxtında aşkarlanması, qarşısının alınması və nəticələrinin aradan qaldırılması, fövqəladə hallar sahəsində etibarlı şəbəkənin yaradılması, mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen hallardan, mümkün terror hadisələrindən qorunması, yanğın və su hövzələrində, sənayedə, dağ-mədən işlərində, tikintidə və digər sahələrdə əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirib.

Nazirliyin bütün qurumlarının texnika parkı dünyada mövcud olan ən müasir müxtəlif təyinatlı maşın və mexanizmlərlə zənginləşdirilib. Nazirliyin informasiya texnologiyaları infrastrukturunun yaradılması və inkişaf etdirilməsi, elektron xidmətlərin təşkili, eləcə də respublika ərazisində baş vermiş təbii-texnogen hadisələrin statistikasının aparılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi və “112” qaynar telefon xətti yaradılıb.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri respublika ərazisində baş verən fəlakət hallarının aradan qaldırılmasında, yanğınların söndürülməsində, subasmaya məruz qalan ərazilərdə, sürüşmə zonalarında yaranan təhlükələrin aradan qaldırılmasında, zərərçəkən əhaliyə ilkin tibbi xidmətin göstərilməsində, xilasetmə əməliyyatlarında peşəkarlıq nümunəsi göstərirlər. Bir sözlə, Fövqəladə Hallar Nazirliyinin kollektivi vətəndaşlarımızın təhlükəsiz yaşayışının, iş və istirahətinin təmin olunması üçün əllərindən gələni edirlər.

Əhməd
Cebhe.info

 

 

Mənbə: cebhe.info