İnklüziv təhsil mərkəzlərinin fəaliyyəti ilə bağlı görüş

İnklüziv təhsil mərkəzlərinin fəaliyyəti ilə bağlı görüş

Bakı, 9 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi əsasında yaradılmış inklüziv təhsil mərkəzlərinin fəaliyyəti ilə bağlı görüş keçirilib.

Görüşdə universitetin rəhbərliyi, filial direktorları, inklüziv təhsil mərkəzlərinin koordinatorları və layihə nümayəndələri iştirak ediblər.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə inklüziv təhsil mərkəzlərinin uzunmüddətli fəaliyyət planının geniş müzakirəsi aparılıb. Bildirilib ki, fəaliyyət planına inklüziv təhsillə bağlı təlim-seminarların təşkili, ali və ümumtəhsil müəssisələrinin müəllimləri arasında təcrübə və bilik mübadiləsinin təşviqi, mentorluq xidməti göstərilməsi, icma ilə əməkdaşlıq və bir sıra digər istiqamətlər daxildir.

Xatırladaq ki, layihə çərçivəsində inklüziv təhsil mərkəzləri Bakı şəhəri, Şamaxı, Cəlilabad, Ağcabədi, Quba və Şəki rayonlarında ADPU-nun nəzdində təsis edilib.

Mənbə: azertag.az