Tərtərin Bruc kəndində vətəndaşlarla görüş keçirilib

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Bruc kəndində vətəndaşlarla görüş keçirilib.

Tərtər RPŞ-nin rəisi, polis polkovniki Elçin Qasımov çıxış edərək yerli sakinlərlə mütəmadi olaraq keçirilən görüşlərin əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli üçün önəmli olduğunu bildirib. Xidməti ərazidə cinayətkarlığa və narkomaniyaya qarşı mübarizə mövzusuna toxunan rəis qeyd edib ki, belə neqativ halların baş verməməsi, vaxtında aradan qaldırılması üçün polis-vətəndaş münasibətlərinin daha da genişlənməsi və möhkəmlənməsi mühüm əhəmiyyətə malikdir.

Daha sonra kənd sakinlərinin müraciətləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb. Sakinləri narahat edən bəzi problemlərin həlli üçün elə yerindəcə lazımi tədbirlər görülüb. Onlar göstərilən diqqət və qayğıya, problemlərinin öz kəndlərindən kənara çıxmadan həll olunmasına görə məmnunluqlarını ifadə ediblər. Vətəndaşlar rayon ərazisində cinayətkarlıqla mübarizədə, sabitliyin və əmin-amanlığın qorunmasında polis əməkdaşlarının həyata keçirdikləri tədbirləri müsbət qiymətləndiriblər, qeyd olunan sahələrdə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində sonunculara lazımi köməkliyi göstərməyə hər zaman hazır olduqlarını bildiriblər.

Fakttv.com

ƏVVƏLKİ XƏBƏR

Suriya kürdləri Rusiyanın Dəməşqlə dialoq çağırışını alqışlayıb

SONRAKI XƏBƏR

Azərbaycanla Pakistan arasında birbaşa uçuşlar ola bilər