ADPU-nun beynəlxalq əlaqələri genişlənir

ADPU-nun beynəlxalq əlaqələri genişlənir

Ukrayna Dövlət ali təhsil müəssisəsi “Təhsil Menecerləri Universiteti”nin əsas təşkilatçılığı ilə 1-2 oktyabr 2019-cu il tarixlərdə adıçəkilən universitetdə “Diplomdansonrakı təhsil liderlərinin beynəlxalq forumu” keçirilib. Forumun Təşkilat Komitəsində Azərbaycan, Belorus, Polşa və Özbəkistanın müvafiq ali məktəblərinin rektorları və prorektorları təmsil olunub. Forumun plenar iclasında və panel iclaslarında tanınmış mütəxəssislərin təhsil idarəçiliyi üzrə 100-ə qədər məruzəsi dinlənilib müzakirə olunub. Təhsil Menecerləri Universiteti rektoru, dosent Nikolay Kiriçenkonun şəxsi dəvəti ilə Forumda Azərbaycan Dövlət Pedaqoji Universitetinin elm və innovasiyalar üzrə prorektoru fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov plenar iclasda “Непрерывное образование в информационном обшестве: реалии и перспективы” (“İnformasiya cəmiyyətində davamlı təhsiI: reallıqlar və perspektivlər”) mövzusunda məruzə ilə çıxış edib.

Forum çərçivəsində Təhsil Menecerləri Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında akademik əməkdaşlığa dair Memorandum imzalanıb. Memorandumda universitetlərin mövcud resursları və intellektual potensialları əsasında professional təhsil sahəsində birgə elmi-tədqiqat və elmi-metodik iş aparılması; bakalavrların, magistrlərin və doktorantların hazırlanması üzrə iş təcrübəsinin mübadiləsi, təhsil işçilərinin ixtisasının artırılması və yenidənhazırlanması üzrə proqram mübadiləsi və onların qiymətləndirilməsi; distant təlim kurslarının birgə təşkili, mühazirə və seminarların keçirilməsi üçün professor-müəllim heyətinin mübadiləsi, innovativ layihələrin hazırlanması məqsədilə pedaqoji və rəhbər işçi qruplarının mübadiləsi, diplomdansonrakı təhsilin inkişaf etdirilməsi, beynəlxalq təhsil layihələrində birgə iştirak, regional və beynəlxalq elmi simpozium, konfrans, seminar və treninqlərin birgə təşkili, dövri nəşr məhsullarının mübadiləsi, yeni “Təhsil Menecerləri” dövri-elmi jurnalının birgə hazırlayıb nəşr etdirilməsi və s nəzərdə tutulub.

Forumda iştirak edən digər ali məktəblərin rəhbərləri ilə elm və təhsil sahəsində gələcək əməkdaşlıq məsələləri də müzakirə edilib.

Mənbə: moderator.az