"Cəmiyyətimizdə bu cür hadisələrə görə həyəcan təbili çalmaq lazımdır ki, humanitar siyasətimizdə dəyişiklik olsun..."

"Cəmiyyətimizdə bu cür hadisələrə görə həyəcan təbili çalmaq lazımdır ki, humanitar siyasətimizdə dəyişiklik olsun..."

"Daşkəsəndə cehizə görə döyülən qadının hadisəsi ilk deyil, internet səhifələrində bu cür hadisələr saysızdır"

Bunu Moderator.az-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu Daşkəsəndə cehizə görə qayınanası və qayınatası tərəfindən döyülən qadın haqda danışarkən deyib. Sosioloq buna görə humanitar siyasətimizdə dəyişikliyə ehtiyac olduğunu vurğulayıb:

"Bütün ömrümü sosiologiyaya həsr elədim və nə deyirəmsə, heç kimin vecinə olmur. Amma sabah bir müğənni bayağı fikir səsləndirən kimi onu mətbuatda tirajlayırlar. Bunu hər dəfə deyirəm, amma cəmiyyətdə eşidilmir. Min illərdir, bütün kitablar, müdrük insanlar bizə deyirlər ki, mənəvi dəyərlər öndə olan cəmiyyətdə hər şey yaxşı tənzimlənir. Yox, əgər bu dəyərlər həmin cəmiyyətdə sıxışdırılıb arxa plana keçirilirsə, orda günü-gündən gözlənilməz hadisələri baş verir. Bu isə heç bir qanunla düzələn deyil. Daşkəsəndə cehizə görə döyülən qadının hadisəsi ilk deyil, internet səhifələrində bu cür hadisələr saysızdır. Bu ailə daha çox maddi dəyərlərin üzərində qurulub. Ailəni quranda da, cehiz məsələsində də bir-birindən umacaqları olub. Cəmiyyət elədir ki, insanlar bir-biriylə maddiyatla, öz gücünü nümayiş etdirməklə yarışır. İnsanın xisləti belədir ki, özünü təsdiqə və kimdənsə fərqlənməyə çalışır.

Cəmiyyətimizi elə bir istiqamətdə inkifaş etdirə bilərdik ki, insanlar biri-biriylə mənəvi dəyərlərə görə rəqabət aparsın. Məsələn, 60-70-ci illərdə elə bir tendensiya yaranmışdı və insanlar biri-biriylə kitab oxumağıyla fərqlənməyə çalışırdı. Amma təəssüf ki, o mühiti qoruyub saxlaya bilmədik. Onda indiki hadisələr də baş vermirdi. Cəmiyyətimizdə bu cür hadisələrə görə həyəcan təbili çalmaq, buna müdaxilə etmək lazımdır ki, humanitar siyasətimizdə dəyişiklik olsun. Çünki il-ildən problem daha da pis olur. On il bundan öncə ANS-in efirində vəziyyətin daha da pis olacağını deyəndə mənə irad bildirdilər ki, efirdə niyə belə fikirlər səsləndirirsən? İndi sizə də deyirəm və əgər belə davam etsə, bir neçə ildən sonra daha eybəcər hadisələr eşidəcəyik. Bizim bir çıxış yolumuz var və o da humanitar siyasəti dəyişməkdir".

Qeyd edək ki, Daşkəsənin Əmirvar kənd sakini 19 yaşlı Ayşə Abdullayeva qayınanası və qayınatası tərəfindən döyülüb. Bildirilir ki, davaya səbəb bir il öncə baş tutan toyda qız evinin maddi cəhətdən istəniləni verə bilməməsidir.

Vasif Əlihüseyn

Mənbə: moderator.az