“Hiss ediblər ki, burada onlara...” – Azərbaycana gələn ərəb turistlərin sayı niyə azalıb?

“Hiss ediblər ki, burada onlara...” – Azərbaycana gələn ərəb turistlərin sayı niyə azalıb?

Artıq bir neçə ildir ki, Azərbaycana ərəb turistlərin axını baş verir. Lakin əlləri açıq olan və yaxşı pul xərcləyən ərəblər özləri ilə bir sıra mənfi xüsusiyyətlərini də gətirdilər. Onların hərəkətləri, davranışları cəmiyyətimizdə heç də yaxşı qarşılanmadı və etiraza səbəb oldu. Bu aralar isə Azərbaycana gələn ərəb turistlərin sayının azaldığı deyilir.

Mövzu ilə bağlı Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə ilə əlaqə saxladıq. “Yeni Sabah”a danışan K. Quluzadə bildirib ki, Azərbaycanda ərəb turistlərin azalması mövsümü xaraktır daşıyır:

“Ərəb turistlərin azalması mövsümlə bağlıdır. Ərəblər adətən qışda çox soyuq olanda və bir də yayda gəlir. Ümumiliyyətlə, turistlərin sayında azalma yoxdur. Bu, mövsümlə əlaqəlidir. Qışın gəlişi, xizəkçiliyin başlaması ilə turistlərin axını müşayiət olunacaq”.

Mövzu ilə bağlı danışan iqtisadçı ekspert Natiq Cəfərli isə qeyd edib ki, bunu bir çox səbəbləri var:

“Bunu rəsmi statistika da sübut edir ki, ərəb turistlər ölkəmizə keçən ilə nisbətən bu il daha az gəliblər. Bunun obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəb odur ki, ərəblər bir istiqamətə bir müddət çox yüklənirlər. Daha sonra yeni bir istiqamət tapdıqda, o sahəyə yönəlirlər. Bu onların davranış qaydasında mövcuddur. Son vaxtlar ərəblər üçün Orta Asiya daha populyar olub. Bu ölkələr içərisində daha çox Qırğızıstan və Özbəkistana gedilir.

Subyektiv səbəb isə ondan ibarətdir ki, açığı, Azərbaycanın turizm potensialında bir dəfə gələn turistin ikinci dəfə gəlməsi üçün cəlbedici turistik məhsullar yoxdur. Turistlərə eyni tipli yanaşma, eyni tipli əyləncə, eyni tipli məhsullar təqdim olunur. Təbii olaraq, turistlərin sayında azalma müşahidə olunacaq. Həmçinin gələcəkdə də bu hiss oluncaq”.

N. Cəfərli ərəb turistlərin sayının azalmasını onların davranış qaydaları ilə də əlaqələndirib:

“Davranış qaydalarının da buna təsiri var. Ola bilər ki, artıq onlar hiss ediblər ki, burada onlara qarşı yaxşı münasibət yoxdur. Bu məsələ yaxşı deyil. Çünki turizmini inkişaf etdirmək istəyən ölkə turistlərə qarşı dözümlü olmalıdır. Çünki onlar başqa ölkələrdən gəliblər, onların əyləncələri, ağız dadları və s. fərqlidir. Ona görə də bu sahədə daha çox dözümlü olan ölkələr turizmdə önə çıxacaqlar. Mənim fikrimcə, bu məsələ barəsində cəmiyyətdə maarifləndirmə aparılmalıdır.

Digəri isə qlobal məslədir. Bilirsiz, hansı ölkənin əhalisi turizmdən böyük vəsait götürür? Həmin ölkələrdə turistlərə daha dözümlü münasibət olur. Məsələn, Gürcüstan əhalisinin 29 faizi artıq turizm sahəsində dolayı və birbaşa yolla qazanc əldə edir. Amma Azərbaycanda rəsmi rəqəmlərə görə, cəmi 24 min insan bu sahədə çalışır. Amma bu rəsmi rəqəmdir, qeyri-rəsmi, qeydiyyata düşməyən müəssisələr də mövcuddur”.

Ekspert həmçinin ərəb turistlərin ölkələr üçün cəlbedici olan tərəflərindən də danışıb:

“Ərəblər daha çox pul xərcləyirlər: əyləncələrə daha çox fikir verirlər, kafe və restoranlara daha çox gedirlər. Öz ölkələrində qadağan olunmuş və yaxud çox bahalı olan əyləncələrə qoşulurlar. Bunlara alkoqol içkilər, gecə klubları və s. daxildir. Öz ölkələrində də əlbətdə ki, gecə klubları mövcuddur, lakin orada cinayət məsuliyyətinə cəlb oluna bilərlər. Ona görə də onlar Azərbaycana gəldikdə daha çox öz ölkələrində olmayan və yaxud çox baha olan əyləncələrə üz tuturlar. Belə olduğu halda da həmin əyləncələrə əlavə pul xərcləyirlər. Bu da başqa ölkələrin ərəb turistlərinə maraq göstərməsinə səbəb olur. Bizdə belə bir fikir var ki, bizə ərəb turist çox gəlir, lakin Gürcüstana azı bizdən 4 dəfə çox turist gedir”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatında isə bildirilir ki, bu ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın gələnlərin 30,6%-i Rusiya Federasiyası, 22,1%-i Gürcüstan, 9,5%-i Türkiyə, 7,7%-i İran, 4%-i Səudiyyə Ərəbistanı, 2,2%-i Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,8% olmaqla Ukrayna və Hindistan, 1,7%-i İraq, hər birindən 1,5% olmaqla Türkmənistan və Qazaxıstan, 1,4%-i İsrail, 1,3%-i Pakistan, 1,2%-i Böyük Britaniya, 11,6%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub.

Sabrina

Mənbə: yenisabah.az