"Sosial şəbəkələrdə cinayəti müzakirə edərkən təqsirli tərəf kimi qadını görürlər"-Kəmalə Ağazadə

"Sosial şəbəkələrdə cinayəti müzakirə edərkən təqsirli tərəf kimi qadını görürlər"-Kəmalə Ağazadə

Son vaxtlar qadınlara qarşı zorakılıq halları gündəlik qarşılaşdığımız bir hala çevrilib. Hər gün mətbuatda, eləcə də cəmiyyətdə buna aid ən azı bir neçə xəbər eşidir və ya rast gəlirik.
Mövzu ilə əlaqədar olaraq Sonxeber.az-a açıqlama verən Azərbaycan Uşaqlar Birliyinin sədri, hüquq müdafiəçisi Kəmalə Ağazadə bildirib ki, bununla bağlı maarifləndirmə işi aparılmalıdır:
"Cəmiyyətdə boşanmalar sivil qaydada həyata keçirilmir. Mütləq burada qan davası düşməli, uşaqlar əldən alınmalı, ananın hüquqları tapdalanmalı, üstünə şər atılmalı, bir-birini şantaj etməlidirlər. Bunu tənzimləmək lazımdır.Münaqişəli ailələr qeydə alınmalıdır. Bir şikayət belə daxil olursa, artıq ciddi nəzarətə götürmək vacibdir. Əgər qadın polisə müraciət edirsə, bu o demək deyil ki, o həyat yoldaşını ifşa edir. Qadın hüququnu tələb edir ki, mənə qarşı zorakılıq var. Hazırda bütün İcra hakimiyyətlərinin yanında məişət zorakılığının qarşısının alınması məqsədi ilə monitorinq qrupu yaradılıb. Həmin monitorinqdə bütün dövlət qurumlarının nümayəndəsi iştirak edir. Monitorinq vasitəsi ilə nə qədər ailəni iğtişaşlardan uzaqlaşdırıb, yenidən bərpa olunması üzrə işlər aparılıb. Amma təəssüf ki, bir çox münaqişəli ailənin belə bir monitorinqin olmasından xəbəri belə yoxdur. Bu işdə maarifləndirilmə aparılsa, əlbəttə, cinayətlərin sayı da azalar".
Kəmalə Ağazadə onu da qeyd edib ki, cinayətlərin çoxalmasında sosial şəbəkələrin də böyük rolu var:
"Sosial şəbəkələrdə cinayəti müzakirə edərkən təqsirli tərəf kimi qadını görürlər. Onu xəyanətlə günahlandırırlar. Əgər, xəyanət də varsa, bunun sivil qaydası boşanmadır. Bütün dünyada belə bir tendensiya var ki, əgər şiddət varsa, məşhurlar səsini qaldırır və cinayətə qarşı, qadına qarşı şiddətə yox şüarları keçirirlər. Bizim ölkədə də məhşur səsini qaldırdı. Amma o, "pis qadının başı kəsilməlidir" dedi. Bunun özü elə o düşüncədə olan insanları yeni qətllərə səslədi.
Lamiyə Məmmədova

 

 

Mənbə: sonxeber.az