“Azərbaycana testi kim gətirib” qalmaqalı - Firudin Cəlilovun iddialı araşdırması aləmi qatdı...

“Azərbaycana testi kim gətirib” qalmaqalı - Firudin Cəlilovun iddialı araşdırması aləmi qatdı...

Azərbaycanın sabiq təhsil naziri Firudin Cəlilovun ölkədə test üsulunun tətbiqinin tarixçəsi ilə bağlı verdiyi açıqlama ciddi qalmaqala yol açıb.

F.Cəlilov bildirib ki, testin tətbiqi Elçibəy və Vurğun Əyyubun adı ilə deyil, onunla bağlıdır: "Mən Rəhim Hüseynovun vaxtında baş nazirin müavini işləyirdim. İnstitutlar, məktəblər mənim kurasiyamda idi. Mən də test imtahanlarını gətirmək istəyirdim, amma bu çox ağır bir məsələ idi. Sərəncam verdim, qəbul imtahanlarını dayandırdılar ki, testə keçək. Sərəncamımdan bir ay sonra Elçibəy hakimiyyətə gəldi. Ona dedim ki, bu artıq mənim səlahiyyətimdə olan bir iş deyil. Prezident sənsən, ya "hə” de, ya "yox”. Razılıq vermədi. Orada bizim Elçibəylə möhkəm davamız oldu. Bu söhbətdə Pənah Hüseyn, İsa Qəmbər, Arif Hacılı, İxtiyar Şirin də iştirak edib. Amma 30 ildə birinin qeyrəti çatıb bu barədə danışmadı. Heç kim etiraf etmədi ki, test üsulunu təhsilə Vurğun yox, Firudin gətirib”.

Maraqlı odur ki, F.Cəlilov bu fikirlərini Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 1-ci sədri olmuş Vurğun Əyyub bu il sentyabrın 24-də dünyasını dəyişəndən sonra ilk dəfə səsləndirir.

Sabiq nazirin bu fikirlərinə reaksiya verən keçmiş baş nazir Pənah Hüseyn və Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov sərt fikirlər səsləndiriblər. Onlar Cəlilovun dünyasını dəyişən Əbülfəz Elçibəy və Vurğun Əyyub haqqında danışmasını “etikadan kənar hərəkət” adlandıraraq, onu yaxın keçmişə aid məsələləri təhrif etməkdə suçlayıblar.

F.Cəlilov P.Hüseynlə O.Qasımovun ona ünvanladıqları ittihamlara cavab verərək, öz mövqeyində qaldığını bildirib: “Əvvəla onu deyim ki, mən heç vaxt rəhmətlik Vurğunun əleyhinə danışmamışam, əksinə, onu həmişə müdafiə etmişəm. Niyə? Çünki mən test imtahanını gətirdim və Vurğunu o vəzifəyə təyin etdirmək üçün çox adamla üz-göz oldum”.

Bu məsələyə tam aydınlıq gətirmək üçün biz konkret tərəf olan siyasilərin deyil, sırf təhsil sahəsi üzrə ixtisaslaşmış müstəqil ekspertlərin fikrini öyrənmək qərarına gəldik. Testin tətbiqi Vurğun Əyyubun, yoxsa Firudin Cəlilovun adı ilə bağlıdır?

“Vurğun Əyyubun təbliğ olunmaq imkanları daha çox oldu”

Təhsil eksperti, tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, testin tətbiqi sırf F.Cəlilovun adı ilə bağlıdır: “Mənin hər iki şəxsə böyük hörmətim var. Allah Vurğun Əyyuba da rəhmət eləsin. İstənilən bir hərəkatın və böyük işin həyata keçirilməsində liderlər və onların davamçıları olur. F.Cəlilov həmin prosesin lideri olub. Bu açıqlamanı onun özü verməməli idi. Haqq-ədalətin itməməsi baxımından həmin açıqlamanı kimsə başqa bir adam verib, F.Cəlilovun rolunu xüsusi vurğulamalı idi. Görür kimsə bunu dilə gətirmir, onun haqqı tapdanır, məcbur qalıb özü danışır. F.Cəlilov həmin zaman baş nazirin müavini və sonra təhsil naziri olubsa, deməli, proses onun adı ilə bağlı olmalıdır. Gəlin müqayisə edək. Hazırda təhsil nazirinin icazəsi olmadan kimsə təhsildə islahat apara bilərmi? Özü də söhbət fundamental islahatdan gedirsə. Məgər bu məntiq sizə çox şeyi demirmi? Bu proseslərdə iştirakı olan şəxslərdən biri kimi deyə bilərəm ki, bizdə çox vaxt bəzi siyasi partiyalar bütün detalları öz adlarına çıxmaq istəyirlər. Məsələn, 18 oktyabr 1991-ci il tarixi Azərbaycanın istiqlalının əldə etməsi ilə bağlı olan gündür. Həmin sənədi hüquqşünas Fuad Ağayev hazırlasa da, sonradan başqasının adına çıxdılar. Mən şəxsən bu mövzuda aparılan diskussiyalarda olmuşam. Elə ləyaqətli insanlar var ki, susurlar. Amma görəndə ki, heç kim əsl həqiqəti danışmaq istəmir, onda məcbur qalıb nə var deyirlər. Yaxşı olardı ki, bunu həmin proseslərdə olan insanlar desinlər. Onların çoxu həyatdadır. Birmənalı şəkildə deyə bilərəm ki, həmin proses sırf F.Cəlilovun adı ilə bağlıdır. Bunu danmaq haqsızlıq olar”.

Ekspert bu məsələdə V.Əyyubun adının hallanmasını belə izah etdi: “V.Əyyub ona nisbətdə bir qədər cavan olub. Vəzifədən gedəndən sonra da aktiv siyasətdə oldu. Müsavat başqanının birinci müavini idi. F.Cəlilov isə yaşlı olduğu üçün, uzun müddət proseslərdən kənarda qaldı. Bu baxımdan V.Əyyubun təbliğ olunmaq imkanları daha çox oldu. F.Cəlilov o vaxt bu məsələyə ciddi yanaşmayıb. Amma görür ki, yetişən gənc nəsil heç 90-cı illərdə olan siyasi liderləri belə tanımırsa, onun da haqqına girə bilərlər. Yəqin buna görə danışıb ki, tarix inkar olunmasın”.

Məhəmmədəli QƏRİBLİ

Mənbə: www.baki-xeber.com