Ədəbiyyat İnstitutunda “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğət kitabının təqdimat mərasimi keçirilib

Ədəbiyyat İnstitutunda “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğət kitabının təqdimat mərasimi keçirilib

AZpress.AZ xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğət kitabının (iki dildə) təqdimat mərasimi keçirilib. Təqdimatda Azərbaycanın ziyalılarından Qənirə Paşayeva, İradə Hüseynova, Yunus Oğuz, Şəmil Sadiq, Ramiz Əsgər, Nizami Muradoğlu, Rəsmiyyə Sabir, Əkbər Qoşalı, Elçin İbrahimov və digərləri də iştirak ediblər.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Azərbaycanla Özbəkistanın dostluq, qardaşlıq münasibətlərinin bütün
sahələrdə olduğu kimi elm və ədəbiyyat istiqamətində də uğurla inkişaf etdiyini bildirib. Bu vaxta qədər Azərbaycan-Özbəkistan əlaqələrinə həsr olunmuş kitablar və konfrnslar haqqında ətraflı məlumat verib. Akademik əlavə edib ki, iki dildə çap olunan “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğət
kitabı Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu və Özbəkistan Respublikasının EA Ədəbiyyat, Dil və Folklor İnstitutunun Elmi Şuralarının qərarı ilə nəşr olunub. Bu onun göstəricisidir ki, iki qardaş ölkə arasında elm sahəsində sıx əlaqələr öz töhfəsini verməkdədir. Tarixi əhəmiyyətli belə bir lüğətin hazırlanmasında əməyi keçən hər kəsə, xüsusən də Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasova və filologiya elmləri doktoru Almaz Ülvi Binnətovaya təşəkkürlərini ifadə edib.

Sonra Azərbaycan Respublikası Prezideti yanında Dövlət Dil Komissiyasının üzvü, professor İsmayıl Məmmədli “Azərbaycan-özbək lüğətşünaslığı tarixində mühüm elmi hadisə” adlı məruzə ilə çıxış edib. Ardınca Nəsimi adına Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu çıxış edərək belə bir təqdimatın keçirilməsinin önəmindən danışıb.

Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova da layihənin gerçəkləşməsində yardımçı olan hər kəsə təşəkkürlərini çatdırıb. Daha sonra Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru və layihənin rəhbəri Samir Abbasov çıxış edərək yeni nəşrin önəmindən və gələcək əlaqələrdən bəhs edib.

Mərkəzin direktoru layihənin həyata keçirilməsinə dəstək olan Azərbaycan Respublikası Mədəniyyət Naziri Əbülfəs Qarayevə minnətdarlıq edib. Mərkəzin layihəsi olan, ilk dəfə nəşr olunan 23 minə yaxın söz və ifadəni əhatə edən bu lüğətin ərsəyə gəlməsində əməyi keçənlərdən İsmayıl Məmmədlini, Almaz Ülvini və Şohista Ortiqova Kamranlını fəxri diplomla təltif edib.

Özbəkistanlı qonaqlar ədəbiyyatşünas Babaxan Məhəmməd Şərif, şairə Xasiyət Rüstəm və tarixçi publisist Şuhrat Barlas da çıxışlarında bu cür lüğətlərin tərtib edilməsinin türk dünyasının birliyinə xidmət etdiyini vurğulayıblar.

Mənbə: azpress.az