Məhkəmə jurnalistə qarşı xüsusi ittiham qaydasında verilmiş şikayəti icraata götürüb

Məhkəmə jurnalistə qarşı xüsusi ittiham qaydasında verilmiş şikayəti icraata götürüb

Əfqan Sadıqov icra başçısı ilə baş həkimi təhqir etməkdə, böhtan atmaqda günahlandırılır

Oktyabrın 10-da Cəlilabad Rayon Məhkəməsi Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin jurnalist Əfqan Sadıqova qarşı xüsusi ittiham qaydasında şikayətini icraata qəbul edib.Hakim Elxan Əmirəliyevin sədrlik etdiyi prosesdə məhkəmə baxışının oktyabrın 18-də keçirilməsi haqda qərar çıxarılıb.Bu barədə vəkil Elçin Sadıqov "Facebook”da məlumat yayıb.

Vəkilin sözlərinə görə, Əfqan Sadıqov həmin iş üzrə Cinayət Məcəlləsinin 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə təqsirləndirilən şəxsdir və onu üç ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.Oktyabrın 10-da həmçinin Cəlilabad Rayon Məhkəməsinin hakimi Qalib Paşayev Laçın Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Güllü İbadovanın jurnalist Əfqan Sadıqova qarşı xüsusi ittihamını da icraata qəbul edib.

Həmin iş üzrə Ə.Sadıqov AR CM-nin 147.1. (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar yayma) və 148-ci maddələri ilə təqsirləndirilir. Bu iş üzrə məhkəmə baxışı da oktyabrın 18-nə təyin edilib.

Əfqan Sadıqov Meydan TV-yə bildirib ki, bu il "Facebook”da canlı yayımlarında icra başçısının rayondakı korrupsiya fəaliyyətinə toxunduğu üçün haqqında sifarişli qərar verilib. O, canlı yayımlarında baş həkim Güllü İbadova barədə də tənqidi fikirlər səsləndirib:"Əlbəttə, bütün bunlar siyasi sifarişdir, başqa nə ola bilər ki?!”

"Azel.tv” saytının təsisçisi və redaktoru Ə.Sadıqov 2016-cı ilin noyabrın 22-də saxlanılmışdı. O, CM-in 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham olunuraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Sonradan jurnalistin cəzası 1 il azaldıldı. Ötən ilin mayın 22-də həbs müddəti bitdiyi üçün azadlığa çıxdı.

Mənbə: criminal.az