Ukraynalı bloggerlərin Azıx mağarasına qanunsuz səfəri - VİDEO

Ukraynalı bloggerlərin Azıx mağarasına qanunsuz səfəri - VİDEO

Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər davam edir.

Eurasia Diary xəbər verir ki, bu dəfə Ukraynanın Youtube auditoriyası 1,7 milyon istifadəçiyə çatan “Black Horse” qrupunun bloggerləri Qarabağa səfər ediblər. Qarabağ haqda 3 hissəli film çəkən globerlər Daşaltı şəlaləsində olub, Xocavənd rayonunu kəndlərini gəzib və sonra Azıx mağarasına ekspedisiya təşkil ediblər.

Xatırladaq ki, erməni işğalçıları zaman-zaman Azıx mağarasında qanunsuz tədqiqat işləri aparıblar. Hətta bu işlərə xaricdən olan alimlər də cəlb edilib.

Elə bu səbəbdən də Azərbaycan Baş Prokurorluğu 2017-ci ildə erməni silahlı birləşmələrinin nəzarətində olan Dağlıq Qarabağdakı Azıx mağarasında tədqiqatlar aparan Ermənistan, İspaniya və Böyük Britaniya alimlərinə cinayət işi açıb.

Onlar təqsirləndirilən şəxslər qismində cəlb olunmaqla məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilərək barələrində beynəlxalq axtarış elan olunması üçün İnterpol-a müvafiq sorğu göndərilib.

2008-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyi bəyan etmişdi ki, Azıx mağarasında qanunsuz tədqiqatlar “Silahlı münaqişə zamanı mədəni dəyərlərin saxlanması haqqında” Haaqa Konvensiyasına, “Arxeoloji dəyərlərin qorunması haqqında” Avropa Konvensiyasına, UNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasına ziddir.

2016-cı ilin noyabrında Azərbaycan XİN Azıx mağarasında tədqiqatlar aparan arxeoloqlar qrupunu “qara siyahı”ya daxil edib.

Azıx mağarası Xocavənd rayonunda Azıx kəndi yaxınlığında altı mağaradan ibarət kompleksdir.

Mənbə: ednews.net