Deputatlığa namizəd Rüstəm Şəfaqətov əsas hədəflərini seçicilərə çatdırıb.
Namizədin seçki qərargahından verilən məlumata görə, 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa bitərəf namizəd Rüstəm Şəfaqətov dairəyə daxil olan ərazilərdə üç həftəyə yaxındır ki, təşviqat işlərini gerçəkləşdirməkdədir. Bu dövr ərzində qarşıya qoyulan - hər bir seçici ilə əlaqə qurmaq - hədəfinə çatmaq üçün çoxsaylı görüşlər keçirilib, təşviqat materiallarının seçicilərə çatdırılması təmin edilib. Belə ki, kampaniya çərçivəsində başlıca məqsəd kimi qarşıya seçicinin ayağına getmək, gənc namizəd Rüstəm Şəfaqətovun seçiləcəyi təqdirdə görəcəyi işlərin seçicilərə paylaşılmasına nail olunub. Eyni zamanda, seçiciləri narahat edən məsələlər, onların ehtiyacları ətraflı öyrənilib, səsləndirilən bütün təkliflərin qeydiyyatı aparılıb.

Keçirilən görüşlərdə ölkə rəhbərliyinin apardığı struktur və kadr islahatları, idarəetmədə müasir dünyagörüşlü, qabaqcıl dünya iqtisadiyyatını bilən, savadlı, Vətənə sıx bağlı gənc kadrların irəli çəkilməsinin önəmi vurğulanıb. Xüsusilə, ölkəmizdə aparılan islahatların növbəti mərhələsi olan növbədənkənar parlament seçkilərində iştirak edən yeni namizədlərdən gözləntilər ifadə olunub.
Dairənin mövcud problemlərinə yaxından bələd olduğunu bildirən R.Şəfaqətov həmin məsələlərlə bağlı konkret planlarının olduğunu, seçicilərin dəstəyi sayəsində bu çətin missiyanın öhdəsindən ləyaqətlə gələ biləcəyini vurğulayıb. O, ölkədəki islahatlar kursuna adekvat olaraq, ali orqanın verdiyi səlahiyyətlərdən istifadə edərək, qanunvericilik aktları ilə bağlı təşəbbüslərlə çıxış etmək, ictimaiyyəti narahat edən məsələlərin, dairə seçicilərinin problemlərinin həllinə töhfə vermək üçün çalışacağını nəzərə çatdırıb.



Mənbə: azpolitika.info