Qadağan olunmuş dərman reseptləri sosial şəbəkələri bürüyüb, çıxış yolu...

Qadağan olunmuş dərman reseptləri sosial şəbəkələri bürüyüb, çıxış yolu...

Azərbaycanda həkim resepti ilə yazılan dərman preparatlarının reklamı qadağan olunsa da, sosial şəbəkələrdə buna məhəl qoyan yoxdur. Belə ki, "Facebook" və "İnstagram" kimi populyar olan sosial şəbəkələrdə dərmanların necə gəldi, açıq-aşkar reklamı müşahidə edilir. Hansı ki, hazırda "Reklam haqqında" Qanunda həkim resepti əsasında yazılan dərman preparatlarının reklamı qadağandır. Eyni zamanda, qanunvericilik qida əlavələrinin də dərman kimi reklam edilməsini qadağan edir.

Ən təhlükəlisi isə bu dərman preparatları arasında uşaqlar üçün boy artıran dərmanların reklam edilməsidir. Qeyd edək ki, reseptlə yazılan dərman preparatlarının həkim məsləhəti olmadan istifadə edilməsi çox ciddi fəsadlara yol açır. Hətta bu cür dərmanların kortəbii istifadəsi ölümə belə səbəb olur. Amma sosial şəbəkələrdə dərman preparatlarının reklamının şərh bölümündə valideynlərin aktivlik nümayiş etdirməsi bu dərmanlardan kortəbii istifadə hallarının olduğunu təsdiqləyir. Hətta bəzi valideynlər dərman preparatlarının hansı yaş həddində və dozada verilməsi barədə belə sosial şəbəkələrdə məsləhətləşmələr aparır, tövsiyələr səsləndirir. Nəzərə alsaq ki, sosial şəbəkə istifadəçilərinin sayı sürətlə artır, o zaman bunun nə qədər təhlükəli bir tendensiya olduğu ortaya çıxır. O baxımdan bunun qarşısını necə almaq olar? Ekspertlər çıxış yolunu nədə görürlər?

“Bütün bunlar biabırçı formada həyata keçirilir”

Məsələyə münasibət bildirən tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, belə halların qarşısını almaq üçün kompleks tədbirlər görülməlidir: “Əvvəla dərmanların reklam edilməsi bütün dünyada qadağan edilib. Məsələ ondadır ki, reklam korporativ marağa hesablanan bir fəaliyyət formasıdır. Dərman isə satış üçün nəzərdə tutulan bir şey deyil. Dərman yalnız müalicə məqsədi üçün lazım olan bir preparatdır. Onun da təyinat məsələsi ancaq və ancaq həkimdən asılıdır. Ona görə də dünyada dərman preparatlarının təyini icbari tibbi sığorta paketi əsasında həyata keçirilir. Xaricdə dərmanı sığortasız, reseptsiz almaq mümkün deyil. Bu yalnız bizdə var. Yəni istənilən dərmanı gedib aptekdən almaq olur. Dərmanların sosial şəbəkələrdə reklamı daha çox qanunda olan boşluqlardan irəli gəlir. Görürlər ki, "Reklam haqqında" Qanunda dərman preparatlarının konkret olaraq "Facebook" və "İnstagram"da reklamı ilə bağlı qadağa yoxdur, bu zaman yaranan boşluqdan sui-istifadə edirlər. Ona görə də qanunvericiliyə dərman preparatlarının sosial şəbəkələrdə reklamının məhdudlaşdırılması ilə bağlı məqam əlavə edilməlidir. Bir sıra hallarda məhdudlaşdırıcı qərarlar verilir, amma onun tətbiqi reallaşmır. Belə problemlər də var. Sosial şəbəkələrdə nəinki dərmanlar, eyni zamanda, həkimlər də reklam edilir. Bütün bunlar biabırçı formada həyata keçirilir. Bu da doğru deyil. Ona görə də KİV-in bu məsələyə diqqət ayırması çox vacibdir. Müvafiq qurumlar bunun qarşısının alınması istiqamətində səylərini artırmalıdırlar”.

Vidadi ORDAHALLI

Mənbə: www.baki-xeber.com