AMEA-nın Naxçıvan Bölməsində doqquz ayın yekunları müzakirə edilib - FOTO

AMEA-nın Naxçıvan Bölməsində doqquz ayın yekunları müzakirə edilib - FOTO

AMEA Naxçıvan Bölməsində cari ilin doqquz aylıq elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr edilən hesabat tədbiri keçirilib.

Olaylar.az-a verilən məlumata görə, bölmənin sədri, akademik İsmayıl Hacıyev elmi müəssisələrdə müvafiq istiqamətlər üzrə aparılan tədqiqatlardan, eləcə də elmi-təşkilati işlərdən danışıb. O, bölmə institutlarında bir sıra uğurlu nailiyyətlərin əldə olduğunu bildirib.

Daha sonra Bölmənin Elmi-təşkilat şöbəsinin müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru Orxan Bağırov cari ilin doqquz ayında aparılan elmi-tədqiqat işlərinin nəticələrini diqqətə çatdırıb. Qeyd edib ki, bu dövrdə bölmə əməkdaşlarının 17 monoqrafiyası, 8 kitabı, 2 metodik vəsaiti, 417 elmi məqaləsi, 156 konfrans materialı və bir tezis olmaqla 602 elmi əsəri nəşr olunub. Onlardan 3 monoqrafiya, 65 elmi məqalə, 40 konfrans materialları xaricdə çap edilib. Elmi məqalələrdən 22-i impakt faktorlu jurnallarda, o cümlədən 6-sı Thomson Reuters siyahısına daxil olan jurnallarda dərc edilib.

Bölmə əməkdaşlarının 9 monoqrafiyası, 3 kitabı, 358 elmi məqaləsi hazırlanaraq müxtəlif nəşriyyatlara təqdim olunub.

Bildirilib ki, doqquz ay ərzində Bölmənin "Elmi əsərlər" jurnalının üç, "Axtarışlar" jurnalının isə iki nömrəsi çapdan çıxıb. Bundan əlavə, bölmədə "Nemətullah Naxçıvani: taleyi və sənəti" məqalələr toplusu və "Naxçıvan Duzdağı" kitabı nəşr olunub, "Ərtoğrol Cavid: taleyi və sənəti" məqalələr toplusu isə çapa təqdim edilib. Bölmədə yerinə yetirilən iki respublika səviyyəli qrant layihəsinə yekun vurulub, ikisi beynəlxalq, biri respublika səviyyəli olmaqla 3 qrant layihəsinin icrası isə davam etdirilir.

Orxan Bağırov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun "Görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında" 29 oktyabr 2018-ci il tarixli Sərəncamına əsasən Bölmədə "Görkəmli Azərbaycan mütəfəkkiri: Nemətullah Naxçıvani" mövzusunda beynəlxalq konfrans keçirilib.

Diqqətə çatdırılıb ki, bu dövrdə Türkiyə, İran, Rusya, Gürcüstan, ABŞ və Fransanın elm və təhsil müəssisələrinin alim və tədqiqatçıları ilə sıx elmi əməkdaşlıq edilib. Naxçıvan Bölmə ilə Türkiyənin İğdır Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb. Eyni zamanda, Bölmənin 55 əməkdaşı respublikada və xaricdə keçirilən 23 beynəlxalq simpozium, konfrans və tədbirlərdə məruzələrlə çıxış ediblər.

Bildirilib ki, akademik İsmayıl Hacıyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 8 fevral 2019-cu il tarixli Sərəncamı ilə "Naxçıvan Azərbaycanın dövlətçilik tarixində" kitabına görə Naxçıvan Muxtar Respublika mükafatlarına layiq görülüb. Həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik medalı, AXC-nin 100 illiyi ilə əlaqədar Türkiyə Cümhuriyyətinin buraxdığı yubiley medalı ilə təltif edilib. O, "Dünya dini liderlərinin II Bakı sammiti"nin keçirilməsi ilə əlaqədar yaradılan Təşkilat komitəsinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Yanında Elmi İnkişafı Fondunun Himayədarlar Şurasının üzvü seçilib.

Elmi-təşkilat şöbəsinin müdiri bölmənin digər əməkdaşlarının da doqquz ay ərzində təltif edildikləri mükafat, Fəxri fərman və medalları diqqətə çatdırıb. O, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədovanın Sinqapurun "Materialşünaslığın Tədqiqi və Tətbiqi" beynəlxalq jurnalının, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılovanın isə "Ulduz" jurnalının redaksiya heyətinə üzv seçildiklərini qeyd edib.

Orxan Bağırov qurumun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlərdən də bəhs edib.

Tədbirdə bölmənin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev çıxış edərək elmi göstəriciləri qənaətbəxş hesab ediblər.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi

Mənbə: olaylar.az