Universitet təhsil haqqını ödəyə bilməyən tələbələrə hansı güzəştləri etməlidir?- Prorektor tövsiyəsi

Universitet təhsil haqqını ödəyə bilməyən tələbələrə hansı güzəştləri etməlidir?- Prorektor tövsiyəsi

Artıq bir neçə müddətdir ki, ali təhsil müəssisələrində yeni tədris ilinə start verilib.

Tədris ilində tələbələri ən çox maraqlandıran məsələlərdən biri təhsilhaqqının ödənilməsiylə bağlıdır.

Təhsil naziri Ceyhun Bayramovun göstərişinə əsasən, tələbə tədris ili ərzində təhsilhaqqını hissə-hissə ödəmək şansına sahibdir.

Bəs təhsilhaqqını, ümumiyyətlə, ödəyə bilməyən tələbə universitetdən xaric olunurmu?

Bakı Mühəndislik Universitetinin prorektoru Elçin Süleymanov AzEdu.az-a açıqlamasında bildirib ki, ali məktəblər təhsil haqqına görə öz imkanları daxilində tələbəyə köməklik etməyə çalışırlar:

"Bu proses qanuni çərçivədə olmalıdır. Müqavilə şərtlərinə görə, tələbə aldığı dərsin krediti üzrə təhsil haqqı ödəməlidir. Təhsil haqqı ödənmədiyi halda tələbənin imtahan sessiyasına buraxılmama riski olur. Hər il dövlət sifarişli yerlərin sayı artırılır. Dövlət imtiyazlı təbəqənin və güzəşt hüququ olanların təhsil haqqını ödəyir. Gənclər Fondu və Maarifçi Tələbə Kredit Fondu vasitəsi ilə müəyyən sayda tələbə bu problemdən azad olunur. Bütün bunlardan sonra maddi problemi olan tələbələrə həmkarlar təşkilatı xətti ilə köməklik edilməsi mümkündür. Kreditli dərs keçmə sistemində tələbənin "part-time” işləmək hüququ da var. Bundan əlavə, bir çox universitet elmi şuranın qərarı ilə tələbəyə güzəşt edir”.

Elçin Süleymanov qeyd edib ki, bəzi universitetlər təhsil haqqı borcu olan tələbəni imtahana buraxmırlar və onun semestr daxili qiymətindən asılı olmayaraq dərslərdən kəsiri qalır:

"Bəzi universitetlər imtahana daxil olan zaman güzəşt etsə də, məzun olarkən tələbə borc öhdəliyini ödəmədiyi müddətdə diplomunu təqdim etmirlər. Ümumiyyətlə, tələbələr çalışmalıdır ki, qiymətləri yüksək olsun. Bu cür tələbələrə güzəşt imkanları daha çox olur. Ancaq dərslərini zəif oxuyan şəxsə universitet güzəşt etməyə çox da istəkli olmur. Təhsil qanunvericiliyinə görə, əgər tələbə müxtəlif səbəbdən iki semestr üst-üstə dərs qeydiyyatından keçmirsə, rektorluğun əmri ilə universitetdən xaric edilir. Lakin onun sonradan müəyyən müddət ərzində ali məktəbə bərpa olunmaq hüququ var”.

Təhsil üzrə ekspert Adil Vəliyevin sözlərinə görə, tələbə təhsil haqqını ödəmirsə, universitet üçün lazımi qeydiyyatdan keçə bilmir:

"Təhsilalan qeydiyyatdan keçə bilməyəndə dərsə və imtahanlara buraxılmır. Tələbə qaibdən və imtahandan kəsildiyinə görə, 1 semestr sonra xaric olunur. Lakin şəxs təhsil haqqını ödəmək üçün dərs başlayanda möhlət istəyərsə, ali məktəb tələbəyə müəyyən zaman verə bilər”.

Mənbə: aztehsil.com