190 manat yardımın gecikməsi vətəndaşa qəsddir!
Hökumətin koronavirus bəlasına qarşı gördüyü tədbirlərin ən xoşagəlməyəni evdə qalan insanlara maddi yardımı lazımi vaxtda verməməsidir. Mən özüm də məsələnin nədənlərini araşdıranda əsaslı səbəb tapmıram. Və belə bir qənaətə gəlirəm ki, saymaqla bitməyən nöqsanları olan hökumətimiz deyəsən bu bəlanın təhlükəsinin nə qədər real olduğunu hələ yetərincə dərk etmir. Bu qənaətlər səbəbsiz deyil. Hamı şüurlu şəkildə dərk edir ki, əgər bu bəlaya mübtəla olanların sağalması və yoluxmanın qarşısının alınması vacib məsələdirsə, deməli, evdə qalmağa məhkum edilmiş milyonlarca insanların gündəlik zəruri ərzaq və məişət məhsulları ilə təmin olunması ondan da vacibdir. Elə məsələnin yaxşı dərk edilməməsi fikri də burdan yaranır.
Mart ayının 29-dan məmləkətimizdə karantin rejimi tətbiq edilib, aprel ayının 5-dən isə ölkə əhalisinin virusa yoluxmasının qarşısını almaq məqsədilə rejim sərtləşdirilib. Əhaliyə də evdən çıxmaq qadağası tətbiq olunub. Lakin buna uyğun olaraq, əhalinin gündəlik zəruri tələbatına təminat məsələsi çox məsuliyyətsizcəsinə unudulub. Əslində, bu hal xalqa qarşı törədilmiş ağır cinayət xarakterli əməldir. Və buna görə cavabdeh olan hər kəs cinayət məsuliyyətinə cəlb olunmalıdır. Amma Azərbaycanda hakimiyyətin durumunun absurdluğunu nəzərə alsaq, belə hallar üçün vəzifəli şəxslərdən kimsənin məsuliyyətə cəlb olunacağına inanmaq, dəvənin quyruğunun uzanıb yerə çatmasına inanmaq qədər gülməli və mümkünsüzdür.
Artıq iki həftədir ki, əhali evində oturub və olan cüzi ehtiyatlarını da istifadə edib qurtarıb. Amma hökumət xalqa vəd etdiyi təminatı hələ də verməyib. Hələ verəcəkləri nədirsə, o, bir yana, hər yarım saatdan bir əl yumağı məsləhət edənlərin görəsən, xəbərləri varmı ki, şəhərdə daimi su məsələsi yalnız sənəd üzərində qüvvədədir, realda öz həllini tapmayıb?
Cənablar, bunun nə demək olduğunu bilirsinizmi?! Atalar “acın toxdan xəbəri yoxdur” ifadəsini heç də təsadüfən deməyib. Bu ölkədə yaşayan hər kəs yaxşı bilir ki, məmurlar yeganə sosial qrupdur ki, əhalinin 10 faizini təşkil edirlər. Onlar illərlə işləməsələr belə, yaşamaq üçün kifayət qədər yüksək imkana malikdirlər. Amma ölkə əhalisinin gündəlik cüzi qazancla dolanan əksər hissəsinin heç üç gün də olsun, ailəsini dolandırmağa imkanı yoxdur. Bunu bilə-bilə xalqı “evdə qal, salamat qal” devizi altında ac-yalavac saxlamağın nə demək olduğunu hökumətin anlamaması və yaxud, anlamaq istəməməsi, qulaqardına vurması xalqa qarşı açıq hörmətsizlikdir. Buna ayrı ad vermək mümkün deyil.
Əvvəla, dünya ölkələrinin koronavirusa qarşı mübarizə təcrübəsi göstərir ki, maddi yardım ölkə əhalisinin yalnız işsiz kəsiminə deyil, evdə qalmağa məhkum olunmuş bütün kəslərə edilməlidir. İkincisi, əhaliyə göstərilən maddi yardım 190 manat (60 dollar) həcmində yox, ölkənin pul ehtiyatının əhəmiyyətli hissəsi cəlb edilməklə yüksək həddə müəyyən edilməlidir. İlk növbədə əhalinin kasıb təbəqəsi bu yardımla təcili təmin olunmalıdır. Amma Azərbaycanda yardım edilməsi nəzərdə tutulan əhalinin sayı da, yardımın miqdarı da acı gülüş doğurur. (ağı deyib, ağlamalı haldır)
Xalqın dar günündə göstərilən cüzi yardım fonunda ölkənin anoloqsuz inkişafa malik olması barədə uydurulan nağılın əsil mahiyyəti üzə çıxır!
Yaxşı olar ki, hökumətimiz koronavirusa qarşı mübarizədə dünyanın inkişaf etmiş ölkələrinin əhaliyə etdiyi maddi yardıma yox, əksinə, büdcəsi ölkəmizin büdcəsinin yarısı qədər olan qonşu Gürcüstanın və axşama kimi televiziyalarda “acından ölür” dediyi Ermənistanın bu məqsədlə əhaliyə etdiyi maddi yardımın miqdarına diqqət yetirsin. Daha sonra öz xalqının 5 faizinə etdiyi maddi yardımın miqdarına baxıb, müqayisə etsin və kim olduğunu bir daha yaxşı tanısın!
Normal təhlil aparmaq qabiliyyəti və düşüncə sahibi olan hər kəs hökumətin antimilli mahiyyətə malik olduğunu belə sadə analiz nəticəsində də aydın dərk edir.
Şahnaz Salehqızı
Mənbə: paralel.az