Arif Hacılı necə başqan seçilib? – İlginc iddialar

Arif Hacılı necə başqan seçilib? – İlginc iddialar

Müsavat Partiyasında başqan seçkiləri ilə bağlı narazılıq əsassız deyilmiş.

Yenisabah.az-a daxil olan məlumatda iddia olunur ki, seçkilərdə saxtakarlıq faktı qeydə alınmasa da, Arif Hacılının başqan seçilməsi ədalətsizlik nətciəsində baş verib.

İddialara görə, Arif Hacılı və tərəfdarları seçkinin taleyini əvvəlcədən çox ustalıqla həll ediblər. Bildirilir ki, onlar qurultaya nümayəndə seçərkən yalnız öz tərəfdarlarına üstünlük veriblər.

“Hansı rayonda onların əleyhdarı varsa, həmin şəxslər qurultay nümayəndəsi seçilə bilməyiblər. Bu səbəbdəndir ki, Gəncə kimi böyük şəhərdən 10 nəfər, Lənkərandan 4 nəfər, Masallıdan isə 6 nəfər qurultay nümayəndəsi seçilib.

Halbuki bu bölgələrdə müsavatçıların sayı heç də az deyil. Yaxud elə bölgələr var ki, oradan qurultay nümayəndəsi seçilənlər üzvlərin sayından çoxdur. Təsəvvür edin, Xaçmazdan 21 nəfər qurultay nümayəndəsi seçilib, amma namizədlərlə görüşdə 6-7 nəfər iştirak edib.

321 qurultay nümayəndəsinin əhəmiyyətli hissəsi Arif Hacılıya yaxın şəxslərdən ibarət olub. Bu halda saxtakarlığa ehtiyac qalmır”, - deyə məlumatda vurğulanır.

İddia edilir ki, bütün admnistrativ resurslar qurultay günü Arif Hacılının başqan seçilməsi üçün səfərbər edilib: “Başqanlığa namizəd Yadigar Sadıqlının “Saxtakarlıq faktı görmədim, amma seçki ədalətli deyildi” fikri təsadüfi deyildi. İstər Yadigar Sadıqlı, istərsə də Tofiq Yaqublu Müsavat Partiyasında kifayət qədər nüfuz sahibidirlər. Heç bir halda inandırıcı deyil ki, Tofiq Yaqublu 50, Yadigar Sadıqlı isə 20 səs toplasın. Tofiq Yaqublu hətta Məclis üzvlüyünə də seçilməyib. Buna kim inanar?”

Məlumatda o da vurğulanır ki, Müsavatda ciddi narazılıq yaradan olaylardan biri də partiyanın ali nəzarət orqanı olan Mərkəzi Nəzarət Təftiş Komissiyasına (MNTK) seçkilərdir. Bildirilir ki, Arif Hacılı hətta sürücüsünü MNTK üzvü seçdirməklə qurumu tam olaraq nəzarətə götürüb. “Bu Arif Hacılıya narazı müsavatçıları cəzalandırmaq üçün lazımdır”, - deyə mənbə bildirib.

Mənbə: www.regionxeberleri.com