ABŞ-da Uzaq Şərqdən olan ilanbaş balıqlar çoxalıb

ABŞ-da Uzaq Şərqdən olan ilanbaş balıqlar çoxalıb

Bakı, 18 oktyabr, AZƏRTAC

ABŞ-ın Corciya ştatının Vəhşi Təbiətə Nəzarət Xidməti əhaliyə xəbərdarlıq edib ki, ştatın ərazisində ilanbaş adlanan balıqlar peyda olub. Onlara təsadüf edəndə, dərhal öldürmək, dondurmaq və tapıntı barədə yerli hakimiyyət orqanlarını məlumatlandırmaq lazımdır.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, ilanbaşların məskəni Çindən Rusiyaya qədər uzanan Uzaq Şərqdir. Bu balıqlar Amur çayında, Koreya yarımadasının sututarlarında yaşayır.

İlanbaşlar əsl qarınquludur. Onlar quruda nəfəs alır, ilan kimi sürünür, dörd gün susuz yaşayır.

Bu balığa ABŞ-ın digər ştatlarında da təsadüf edilib. Bəziləri bu balıqları tanka bənzədirlər. Belə ki, onlar yollarına çıxan hər şeyi həzmi-rabedən keçirir. İlanbaşların nəhəng çənələri, böyük dişləri var. Sürünərək bir göldən digərinə, yaxud çaya keçən bu balıqlar özlərini suda da, quruda da eyni dərəcədə yaxşı hiss edir,

Əslində, bu balıqlar ABŞ ərazisində 20-30 il əvvəl peyda olub, lakin son vaxtlar çoxalaraq daha geniş əraziləri tuturlar.

Ehtimala görə, bəzi amerikalılar ilanbaş balıqları akvariumlarda saxlayıblar, lakin yırtıcı olduqlarını görüb, sututarlara, yaxud kanalizasiyaya buraxıblar. Burada onlar yerli şəraitə uyğunlaşaraq çoxalıb.

Bu balıqlar xırda heyvanlar, digər balıqlar, bəzən molyusklar, hətta sürünənlərlə qidalanır. Onlar yerli faunaya ciddi ziyan vura bilər.

Corciya ştatında yerli sakin göldən balıq tuturmuş. Onun tilovuna tanış olmayan balıq keçib. Balığın şəklini çəkib və yenidən gölə buraxıb. Lakin balığın fərqli olması onu narahat edib. O, balığın şəklini yerli bioloqlara göstərib. Onlar ilanbaşı dərhal tanıyıblar və gölü yad balıqdan təmizləmək üçün təxirəsalınmaz tədbirlər görülüb.

Bioloqlar uzunluğu 1,5 metrə çatan ilanbaş balıq və onun bir neçə balasını ovlaya biliblər. Balıq quruda asanlıqla süründüyü üçün alimlər qonşuluqdakı kiçik çayları, sututarları və bataqlıq əraziləri diqqətlə tədqiq edirlər, lakin hələlik ilanbaşın izinə rast gəlməyiblər.

Mənbə: azertag.az