12 illik təhsilə keçidi reallaşdırmaq mütləqdir-TƏKLİF

12 illik təhsilə keçidi reallaşdırmaq mütləqdir-TƏKLİF

Hazırda ölkənin 184 məktəbində 404 təmayül sinfi fəaliyyət göstərir, yaxın gələcəkdə isə, belə siniflərin sayının daha da artacağı gözlənilir

Təmayülləşmə müstəqillik dövründə ümumtəhsil pilləsində həmişə prioritet istiqamətlərdən biri olmaqla, istedadlı şagirdlərin ayri-ayri sahələr ( humanitar, texniki, təbiət və s.) üzrə qabiliyyət, istedad və potensiallarının inkişafına xidmət edib. Elə, 19 iyun 2019 cu il tarixində qəbul edilən "Azərbaycan Rspublikasının Təhsil haqqında Qanunu"nun 19-cu maddəsinin 19-cu bəndi, eyni zamanda 29 mart 2019-cu il tarixində qəbul edilən "Azərbaycan Respublikasının Ümumi Təhsil haqqında Qanunu"nun 13-cu maddəsinin 18-ci bəndi ilə, tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiq olunmasıyla bağlı hüquqi baza yaradılıb. 19 iyun 2019 cu il tarixində qəbul edilən həmin Qanunla tam orta təhsil səviyyəsində təhsilin (humanitar, texniki, təbiət və s.) təmayülləşməsi təmin olunur. 29 mart 2019-cu il tarixli digər Qanun isə, ümumi təhsilin tam orta təhsil səviyyəsində təhsil təmayülləri üzrə (humanitar, texniki, təbiət və s.) təşkil edilməsini, həm də təmayül siniflərində şagirdlərin sayının ən azı 15 nəfər olmaqla, komplektləşdirilməsini nəzərdə tutur. Üstəlik, həmin Qanunun tələbləri, tədris ili ərzində təmayül siniflərində şagird sayının azalması, həmin siniflərin fəaliyyətinin davam etdirilməsinə məhdudiyyət yaratmır.

 

Bu yerdə, onu da qeyd etmək vacibdir ki, istedadlı şagirdlərin təhsil alması üçün, Bakı şəhərində və regionlarda fəaliyyət göstərən lisey və gimnaziyalarla yanaşı, -- 2015-2016-cı tədris ilində, -- ölkənin 50 ümumtəhsil məktəbində də, ilk dəfə olaraq, təmayüllü siniflər yaradıldı. Növbəti tədris ilində isə, daha 100 məktəbdə bu tip siniflərin yaradılmasıyla, tam orta təhsil səviyyəsində təmayüllü siniflərin şəbəkəsi daha da genişləndirildi. Artıq, 2018-2019-cu tədris ilində ölkə üzrə tam təmayüllü siniflərin sayı, tam orta səviyyədə olan siniflərin ümumi sayının 40 faizi qədərinə çatdırıldı. Eyni zamanda, pilot layihə kimi, ümumorta (5-9-cu siniflərdə) səviyyədə də, təmayüllü siniflərin yaradılmasına start verildi. Bu sahədə atılan ən böyük uğurlu addımlardan biri, 2019-2020-ci tədris ilində Gəncə şəhəri və Quba rayonunda yerləşən Təhsil Nazirliyinin tabeliyindəki Fizika, Riyaziyyat və İnformatika Təmayüllü, Şirvan və Şəki şəhərlərində isə, nazirliyin tabeliyindəki Kimya-biologiya Təmayüllü respublika iseylərində belə siniflərin yaradılması oldu. Bu siniflərə şagird qəbulu, əsasən, 6, 7, 8 və 9-cu siniflər üzrə müsabiqə yolu ilə aparıldı. Eyni zamanda, son iki ildə Təhsil Nazirliyi tərəfindən keçirilən respublika fənn müsabiqələrində yüksək nəticə göstərmiş şagirdlər də, 7, 8 və 9-cu siniflərə müsabiqəsiz qəbul edildilər. Yaxın gələcəkdə də, belə uğurlu proseslərin ölkənin bütün regionlarını əhatə edəcəyi gözləniləndir.

Təmayüllü liseylərin və siniflərin yaradılmasında əsas məqsəd istedadlı şagirdlərin üzə çıxarılması, eləcə də onların istedad, bilik və bacarıqlarının inkişafına kömək göstərməkdir. Bu sahədə görülmüş işlərin uğurlu nəticəsidir ki, təkcə 2018-2019-cu tədris ilində beynəlxalq fənn olimpiadalarında şagirdlərimiz 48 medal qazanıblar.

Hazırda ölkə üzrə 184 məktəbdə 404 təmayül sinfi fəaliyyət göstərir. Yaxın gələcəkdə bu siniflərin sayının daha da artacağı gözlənilir. Bu səbəbdən, təmayüllü siniflərə şagird qəbulunun Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada aparılması, həmin siniflərə qəbul olunacaq şagirlərin məqsədli şəkildə təhsillərini davam etdirmələri üçün şərait yaradılması daha yaxşı olardı. Çünki təmayüllü sinif və liseylərin sayının artması, təbii olaraq, bu sahədə problemlərin sayını da artıracaq. Bu problemlərin vaxtında həll olunması üçün, ilk növbədə, təmayüllü liseylərin fərdi dərslikləri nəşr olunmalıdır. Təhsil Nazirliyi həmin liseyləri öz dərsliklərini hazırlayıb, çap etdirməyə təşviq etməlidir. Eyni zamanda, təmayüllü siniflər üçün də, fərdi dərsliklər hazırlanıb, çap olunmalıdır. Dərslik problemi hal-hazırda da, bu istiqamətdə daha uğurlu nəticələr əldə etmək yolundakı ən böyük maneədir.

Bir də, təmayüllü siniflərdə çalışacaq müəllimlərin seçilməsi məsələsinə aydınlıq gətirilməli, bununla bağlı xüsusi təlimat hazırlanmalıdır. Sertifikasiyanın ikinci mərhələsində müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsinə qədər, həmin siniflərdə hansı kateqoriyalı müəllimlərin çalışa biləcəyi müəyyənləşdirilməlidir.

Ən əsası isə, Azərbaycan Respublikasının Prezidentinin 19 yanvar 2015-ci il tarixli 995 №-li Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nda göstəridiyi kimi, 12 illik təhsilə keçidi reallaşdırmaq mütləqdir. Yalnız bundan sonra, təmayülləşmə prosesinin onunla bağlı olan bütün gözləntiləri doğrulda biləcəyinə tam əminəm.

 

Elşən QAFAROV,

təhsil üzrə mütəxəssis.

Mənbə: aztehsil.com