Sabirabadın Türkədi kəndində yeni məktəb binası tikilir

Sabirabadın Türkədi kəndində yeni məktəb binası tikilir

Sabirabad, 7 avqust, Mahir Babayev, AZƏRTAC

Təhsil Nazirliyinin sifarişi ilə Sabirabadın Türkədi kənd tam orta məktəbi üçün yeni ikimərtəbəli bina inşa olunur. Tikintisinə bu ilin iyul ayında başlanılan binanın artıq bünövrəsi qoyulub, birinci mərtəbənin hörgü işləri başa çatıb. Hazırda ikinci mərtəbənin hörgüsü aparılır, birinci mərtəbədə isə suvaq işləri görülür.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, inşa olunan 264 şagird yerlik təhsil ocağında 11 sinif otağı olacaq. Məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaq. Təhsil ocağı müasir istilik sistemi ilə təchiz ediləcək və burada fənn kabinetləri, laboratoriyalar, yeməkxana, idman və akt zalları, kompüter otaqları fəaliyyət göstərəcək. Məktəb yeni inventar, əyani və texniki vasitələrlə təmin olunacaq.

Məktəbin tikintisinin cari ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

Mənbə: azertag.az