ELMİ FANTASTLAR 2020-Cİ İLİ NECƏ TƏSƏVVÜR EDİRDİ?

ELMİ FANTASTLAR 2020-Cİ İLİ NECƏ TƏSƏVVÜR EDİRDİ?

Elmi fantastika bizi qeyri-real görünən mürəkkəb, futuristik aləmlərlə tanış edir. Gəlin, elmi fantastların 2020-ci ili necə təsəvvür etdiyinə, bu proqnozlardan hansıların reallaşıb, hansıların reallaşmadığına nəzər yetirək.

Elmi fantastika gələcəkdən xəbər verir?

Fantastların təsvir etdiyi bəzi texnologiyalar, məsələn, avtonom nəqliyyat vasitələri hələ ilkin hazırlıq mərhələsindədir. Jül Vernin “97 saat 20 dəqiqəyə birbaşa yolla Yerdən Aya” (“From the Earth to the Moon”) romanı yadınızdadır? İnsanlar həqiqətən Yerin təbii peykinin səthinə düşüblər. Halbuki bu ideyanın reallıqdan uzaq olduğu dövrlər olub. Maraqlıdır ki, yazıçı 1865-ci ildə qələmə aldığı romanda Aya eniş etmək üçün kosmik gəmidə səyahətə çıxan üç amerikalının missiyasını təsvir edib. Ən təəccüblüsü də odur ki, romanın bəzi hissələri real həyatda robotlaşdırılmış aparatın Ay səthinə ilk enişini xatırladır. Halbuki kitab hadisəni 104 il qabaqlayıb.

2020-ci ildə Veneranın kolonizasiyası

1965-ci ildə rejissor Körtis Harrinqton (Curtis Harrington) tərəfindən lentə alınan “Tarixdən öncəki planetə səyahət” (“Voyage to the Prehistoric Planet”) filmində gələcək zaman təsvir edilib: artıq Ay insanlar tərəfindən məskunlaşdırılıb, indi onların Veneranın kolonizasiyası kimi daha cəlbedici məqsədləri var. Ən qəribəsi odur ki, müstəmləkəçilər Venerada dinozavrlar və qəribə sivilizasiyanın yaşadığı tarixdən öncəki dünya ilə rastlaşırlar. Əlbəttə, filmdə hadisələr 2020-ci ildə cərəyan edir. Günəşdən uzaqlığına görə ikinci planet, səthində əsl cəhənnəmin hökm sürdüyü Venera haqqında bu gün bildiklərimizi nəzərə alsaq, tamamilə qeyri-real proqnozdur.

Marsda ilk insan

Çoxları bu məqamın sürətlə yaxınlaşdığını düşünür, lakin reallıqda tamam fərqli mənzərə ilə qarşılaşırıq: İlon Maskın (Ilon Musk) “Space X” proqramı və NASA Qırmızı planetin kolonizasiyası ilə bağlı planlarını açıqlasalar da, təcrübədə tapşırıq son dərəcə çətin görünür. Kim Stenli Robinsonun (Kim Stanley Robinson) 1993-cü ildə nəşr edilən “Qırmızı Mars” (“Red Mars”) romanında 2020-ci ildə Marsa ilk ayaq basan insan amerikalı Con Bun olub. Yeri gəlmişkən, “Qırmızı Mars” nəfis dildə qələmə alınmış marsian triologiyasının birinci hissəsidir.

İnsan beyni internetə qoşulu halda

Yazıçı Ceff Rayman (Geoff Ryman) 2004-cü ildə qələmə aldığı “Hava” (“Air”) romanında ən müasir proqnozlardan birini təsvir edib: 2020-ci ildə insan beyni daim İnternetə qoşulu olacaq. Yeri gəlmişkən, İlon Mask “Neuralink” layihəsi ilə bu ideyanı reallaşdırmağa çalışır.

Marsa qayıdış

2000-ci ildə rejissor Brayan De Palma (Brian De Palma) tərəfindən çəkilən “Mars missiyası” (“Mission to Mars”) Qırmızı planetin mərkəzindən bəhs edir. Belə ki, xilasedici komanda bir öncəki missiyada itkin düşmüş astronavtın axtarışına yollanır. Orbitdə gəmini “II Mars” əməliyyatına hazırlayan Yer kosmik stansiyası fəaliyyət göstərir.

2021-ci ildən gözləntilər nələrdir?

2006-cı ildə ekranlara çıxan “Bəşəriyyət övladı” (“Children of Men”) filmi yadınızdadır? Bu ekran işi Fillis Doroti Ceymsin (Phyllis Dorothy James) eyniadlı romanı əsasında çəkilib. Filmdə hadisələr 2021-ci ildə cərəyan edir. Süjetə əsasən, Yer üzündə sonuncu uşaq 25 il əvvəl anadan olub, ona görə planetin qadınları daha uşaq sahibi ola bilmir.

Bəşəriyyət üçün kifayət qədər kədərli ssenaridir, ancaq reallıqla heç bir əlaqəsi yoxdur. Çünki cari ilin noyabr ayına olan məlumata əsasən, Yer kürəsində əhalinin sayı 7, 741, 511, 723 nəfərdir.

Mənbə: www.xpressa.net