Abşeronda Bayraq Günü tədbirinə 10 minə yaxın insan gəldi - FOTO

Abşeronda Bayraq Günü tədbirinə 10 minə yaxın insan gəldi - FOTO

Dövlət Bayrağı Günü münasibətilə Abşeron rayonun inzibati mərkəzi olan Xırdalan şəhərində ümumrayon tədbiri keçirilib. Tədbirdən əvvəl Xırdalan Musiqi Məktəbinin binasının qarşısından Bayraq Meydanına qədər ümumrayon yürüşü düzənlənib.

“Qafqazinfo” xəbər verir ki, milli musiqimizin sədaları altında rayonun minlərlə sakini şəhərin Heydər Əliyev prospekti, Zərifə Əliyeva, Qalubiyyə küçələrindən keçməklə ümummilli liderin adını daşıyan parkdakı Bayraq Meydanına doğru hərəkət ediblər. Bayram tədbirində Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Hər il olduğu kimi bu ildə Abşeron Rayon İcra Hakimiyyəti Bayraq Gününün təntənə ilə qeyd edilməsi ilə bağlı tədbirlər planı hazırlayıb. Builki bayram yürüşü 10 min insanın iştirakı ilə yadda qalıb. Bayram münasibətilə bütün yaşayış binaları üçrəngli bayrağımızla bəzədilib.

Tədbirdə bildirilib ki, bayrağımız Azərbaycanın ərazi bütövlüyünün və toxunulmazlığının, dünya azərbaycanlılarının mənəvi-siyasi və mədəni birliyinin, vahidliyinin, bölünməzliyinin rəmzidir.

Bayram tədbirində respublikanın tanınmış incəsənət ustaları vətənə, bayrağa həsr olunan mahnılar ifa ediblər. Uşaq Musiqi və İncəsənət məktəblərinin çıxışı maraqla qarşılanıb. Ədəbi bədii kompozisiyalar nümayiş olunub.

 

Mənbə: qafqazinfo.az