Azərbaycan kişisi Nigarsız, Həcərsiz, Anjelikasız qalanda uduzur

Azərbaycan kişisi Nigarsız, Həcərsiz, Anjelikasız qalanda uduzur

Aqşin Yenisey yazır...

Azərbaycanda sənət cərəyanları arasında heç yada düşməyən, görməzdən gəlinən, hətta xor görülən biri var – sürrealizm. Son illər Xəqani Hasın şeirlərindəki sürreal elementleri çıxmaqla, bu cərəyanın izinə rast gəlməyimiz bir təsadüf.

Sürrealizm sənət cərəyanı olmaqdan ziyadə ictimai-siyasi bir hərəkat olaraq iki dünya müharibəsinin dağ basdığı, çeynəyib xurd-xəşil etdiyi Avropa düşüncəsinin ağlın “ağalığına” qarşı üsyanı kimi ortaya çıxdı. İlk sürrealistlər Avropanın top mərmiləri ilə cırıq-cırıq olmuş sifətinə baxıb deyirdilər ki, reallığın bu qədəri iyrənc və qorxuncdur, ona bir az xəyal, yuxu qatmaq lazımdır. Sürrealizm bu istəyə uyğun olaraq reallıqla irreallığın, yuxunun bir-birinə qarışdırılmasına sənətdə cəhd idi. Sürrealizm iki müharibənin partlayışları ilə yuxusu qaçmış Avropanın yuxuya olan ehtiyacının ifadəsi kimi meydan gəldi və fransız şair Andre Bretonun başçılıq etdiyi yaradıcı qrupun manifestosunda müharibə realizminə, millətçi sosializmə niftət püskürdü.

Sürrealizmi mənəvi-psixoloji zərurətə çevirən bu sadə səbəblər kifayətdir ki, bizdə nə üçün bu cərəyanın təmsilçilərinin olmamasını anlayaq. Avropa aydınlarının Avropa üçün yuxu arzuladığı bir dövrdə bütün Azərbaycan aydınları səs-səsə verib xalqı yuxudan oyatmağa çalışırdılar.

Onlar yenidən xəyallar aləminə, irreal dünyalara can atanda sənət bizim insanın ayağından yapışıb real dünyaya sürüyürdü ki, yorğanın altından çıxsın. Hətta əmrlə İkinci Dünya müharibəsinə əsgər kimi göndərilən sıravilərimiz belə müharibədən ölüm-dirim haqqında qorxulu deyil, ilk dəfə gördükləri Avropa haqqında xoş xatirələrlə qayıtdılar. İkinci Dünya müharibəsi Azərbaycan kişisini Anjelika ilə tanış etmişdi.

Eşqin təsadüflə başlayıb faciə ilə bitdiyi inancına görə, belə bir hermenevtik fikir irəli sürə bilərik ki, 50 milyon insanın öldürüldüyü bu müharibənin məqsədi, bəlkə də, bizim Mixaylo ilə italyan Anjelikanı görüşdürmək imiş. Sənət bizə qan üzərində bu qədər azad və rahat düşünməyə icazə verir. Hətta hərdən mənə elə gəlir ki, bizim Mixaylo özünü Anjelikaya göstərmək üçün dağıdıb xaraba qoydu Hitlerdən, Stalindən salamat qalan Avropanı. Mixayloda qıza görə külünglə dağı ortadan o baş-bu baş dələn Fərhadın arxetipini görürəm nədənsə. Milli kino sənətimizin zahiri effektlərdə həqiqət axtarmaq ənənəsinin məndə yaratdığı təəssürat budur. Çünki bizim dastanlardan güc alan milli şüurumuza görə, döyüş, müharibə romantikasının içində mütləq gizli bir sevgi xətti də olmalıdır. Koroğlu-Nigar, Qaçaq Nəbi-Həcər, Mixaylo-Anjelika və s. Bu milli döyüş kodu Qarabağ müharibəsində gözlənilmədiyi üçün, bəlkə də, biz müvəqqəti də olsa, uduzduq. Azərbaycan kişisi Qarabağ savaşında Nigarsız, Həcərsiz, Anjelikasız qaldı. Yadıma gəlir, bizim Mixaylolar Qarabağda döyüşəndə bizim Anjelika televizorda “itkin gəlin” roluna çəkilirdi və Həmid Herisçi burada bir mistika tapmamış deyim ki, hər nə qədər məişət hadisəsi olsa da, bizim Anjelika öz ailəsindən deyil, öz tarixindən itkin düşmüşdü, O Qarabağda olmalı olduğu gündə “olmaqdan qoxduğu yerdəydi” – Əfqanıstanda!

Halbuki tarixin bütün çətin sınaqları Azərbaycan xalqına bir-birinə məhz çətin gündə dəlicəsinə aşiq olan bir cütlük bağışlayıb. Elmi-fəlsəfi kafamız bu cütlüklərin psixoanalitik təhlilini aparmalı idi, məsələn, izah etməliydi ki, xalq öz yaradıcılığı olan dastanda 7777 kişinin içinə bir qadın göndərməklə hansı mesajı vermək istəyirdi bizə, həm də şəriət hökmlərinin kəsdiyi başa zaval olmayan bir dövrdə.

İçində sevgi keçən müharibə romantikasından sürrealizm yarana bilməzdi, yaranmadı da. Fikrimcə, birinci səbəb budur.

Sürrealistlər Avropanı “ağıl divanəsinə” çevirmiş Renessans rasionalizminə qarşı Tomas Morun “utopiya adası”nı qoyurdular. Xilası utopik ideyaların tətbiqində görürdülər. Çünki Marks insanın sərvət iştahasının hüdudsuzluğunu kəşf etmişdi, Nitsşe insanın ağa və kölə ola biləcəyini söyləmişdi, Freyd insanı içində onu idarə edən yüzlərlə gücün xidmətçisi kimi göstərmişdi. Bu cür eybəcər bir məxluqun özünü realizə etməsinə imkan vermək olmazdı. O, daim utopik ideyaların nəzarətində olmalı idi. Buna görə də futüristlər, suprematistlər, konstruktivistlər, yeni plastisistlər, sürrealistlər insanı reallıqdan uzaqlaşdırmağın yollarını axtarırdılar. Oskar Şlemmer, Vasiliy Kandinskiy, Herman Hesse, Cozef Albers və s. sənət adamları Renessans rasionlaizmini Şərq mistisizmi ilə əvəzləməyi düşünür və bunu əsərlərdə göstərməyə çalışırdılar. Bizdə bəh-bəhlənən Avropa aydınlarının Şərq mistisizminə, xüsusilə dzen-buddizmə meyli heç də bizim düşündüyümüz kimi heyranlıqdan irəli gəlmirdi, mistisizm müharibənin mənəvi, psixoloji yaralarını sarımaq üçün lazım idi onlara. Biz bu gün necə ağıl, reallıq axtarışındayıqsa, o vaxt onlar da duyğu, yuxu, dinclik axtarışında idilər. Utopiyaya gəlincə, Avropa sosial utopiya adası axtarışında olanda biz o adada yaşayırdıq: sovet sosilalist utopiyasında. İnsan həyatının inzibati cədvəllərlə idarə olunduğu bir utopiyada. Azadlığın ərizə ilə verildiyi bir dünyada. Adında hər nə qədər “realizm” kəlməsi yer alsa da, rəmzlər və simvollar aləmi kimi nəzərdə tutulmuş sosrealizmdə insanlar məhz reallıq qıtlığından əziyyət çəkirdilər. Günümüzün təbirincə desək, “sosrealizm əsl realizm deyildi”. Və əsl reallıq axtaran bir şüur sürreal düşünə bilməzdi. Bu da ikinci səbəb.

Daha başqa səbəblər də var. Amma artıq vaxtıdır ki, bu yazını yazmaqda dərdimin nə olduğunu söyləyim. Ali Artunun sözləri ilə desək, nə üçün “XX əsrin əvvəllərində Avropada sənət terrorizm mövqeyi tutmuşdu?” Çünki dindən, elmdən sonra Avropanın gələcəyinin məsuliyyəti sənətin üzərinə düşmüşdü, ya da sənət bu məsuliyyəti öz üzərinə götürmüşdü.

Dinin “Qaranlıq Çağı”nı əvəz edən elmin “Qorxu çağı”nı sənət “Yuxu çağı” ilə əvəzləmək istəyirdi. Bundan ötrü Avropa düşüncəsini dini və elmi əxlaqın bütün ünsürlərindən təmizləmək lazım idi. Sürrealizm dini və elmi əxlaqdan təmizlənmiş Avropanın əsl reallığı idi. Dini və elmi əxlaq Avropa reallığını Dalinin “Vətəndaş Müharibəsi” tablosundakı vəziyyətə salmışdı. Sənət bu əxlaqı mühakimə edirdi. Hətta yeri gələndə qansız terrora belə əl atırdı. Məsələn, 1924-1929-cu illərdə sürrealistlərin hazırladığı “Sürrealist inqilab” (Révolution Surréaliste) adlı jurnallarının seks şəkilləri ilə bəzədilmiş səhifələrində Roma papasından tutmuş universitet rektorlarına qədər ictimai nüfuzu olan hər kəsə “hücumlar” təşkil olurdu. Bu hücumlar, mənim tez-tez yazılarımda istifadə etdiyim “həyatın yenidən mənalandırılması” cəhdləri idi.

Və sənət hər nə qədər reallıqdan uzaq ideyalara, nəsnələrə üz tutsa da, Avropada həyatı yenidən mənalandıra bildi. Qanı hər gün medianın səhifələrinə yaxılan intiharların, qətllərin baş verdiyi ölkəmizdə həyatı yenidən mənalandıran hansısa bir cəhd varmı? Sənət öz ideyaları ilə həyatımızın harasında hiss olunur? Təpəgöz türkün ilk süni zəkasıdıydı, reallaşdıra bilmədiyimiz üçün mif olaraq da qaldı dağın başında.

Hər kəs sosial vəziyyəti mühakimə edir. Halbuki intihar psixologiyasının banisi Durkheym sosial vəziyyətin ağırlığını intihar səbəbləri arasında ən axırıncı yerə qoyur.

Bu balaca yazıda mən folklorun bizə dastanla ötürdüyü “cütlük” kodunun sirrini və gücünü açmağa cəhd etdim. O dastanlar ki, coğrafiyamızdakı gördüyün bütün dövlətlər o dastanlardan çıxıb. O biri yazımızda bu mövzuya toxunacağam. Xüsusilə rus dövlətinin türk folklorundan necə doğulduğuna.

Mənbə: www.oxu.az