Göyçayda tikilən iki uşaq bağçası və sosial-inzibati binalar kompleksi istifadəyə verilib - FOTO

Göyçayda tikilən iki uşaq bağçası və sosial-inzibati binalar kompleksi istifadəyə verilib - FOTO

Heydər Əliyev Fondunun dəstəyi ilə Göyçay rayonunun Qarabaqqal kəndində tikilən 60 yerlik uşaq bağçası və Müskürlü kəndində inşa edilən sosial-inzibati binalar kompleksi istifadəyə verilib.

APA-nın yerli bürosunun xəbərinə görə, rayon rəhbərliyinin, Milli Məclisin deputatlarının, ölkənin tanınmış yazıçı və şairlərinin iştirak etdiyi açılış mərasimlərində məlumat verilib ki, Qarabaqqal kənd uşaq bağçası ötən əsrin 70-ci illərində fəaliyyətə başlayıb. Təlim-tərbiyə ocağının binası vaxtlı-vaxtında təmir edilmədiyindən qəzalı vəziyyətə düşüb. Uşaq bağçası bu səbəbdən iki il əvvəl fəaliyyətini dayandırıb.

2019-cu ilin əvvəlində Heydər Əliyev Fondunun dəstəyi ilə kənddə müasir körpələr evinin inşasına başlanılıb. 350 kv/m sahəni əhatə edən 60 yerlik uşaq bağçasında böyük və kiçik yaşlı uşaqlar üçün qruplar, məşğələ, yataq otaqları, camaşırxana, yeməkxana mövcuddur. Uşaq bağçası istilik sistemi və digər lazımi şəraitlə təmin edilib, ehtiyat və içməli su anbarları, eləcə də mebel və yataq dəstləri, digər zəruri avadanlıqlarla təchiz olunub.

Uşaq bağçası, kitabxana, həkim məntəqəsi və inzibati otaqlardan ibarət olan Müskürlü kənd sosial-inzibati binalar kompleksində əhaliyə nümunəvi xidmət üçün lazımi şərait yaradılıb. Təhsil, səhiyyə, mədəniyyət təyinatlı obyektlərin istifadəyə verilməsi münasibətilə təşkil olunan mərasimlərdə Heydər Əliyev Fondunun ölkəmizdə həyata keçirdiyi mühüm sosial layihələrin, humanitar aksiyaların əhəmiyyətindən danışılıb. Bildirilib ki, indiyə kimi Fondun dəstəyi ilə Göyçayda bir neçə müasir məktəb binası və məktəbəqədər tərbiyə müəssisəsi tikilərək istifadəyə verilib.

Həmçinin bu gün Göyçay şəhərindəki “Əbədiyaşar ədiblər” abidə kompleksində Azərbaycanın görkəmli şəxsiyyətləri Cəlil Məmmədquluzadə və Üzeyir Hacıbəyovun büstlərinin açılış mərasimi olub.

Mənbə: apa.az