Vətən eşqi damarlarda qaynasın! AİLƏMİN QAZİSİ

Vətən eşqi damarlarda qaynasın!  AİLƏMİN QAZİSİ

(Qəhəmanlıq dastanı)

Bir qazi ilə Lənkərana yol aldıq. Qəlbimdə fərəh, gözlərimdə nəm, həm də çox böyük qürur hissi ilə düşünürdüm: bu gün ölkə Prezidentinin yüksək dəyər verdiyi igid əsgərlərimizlə hamı fəxr edir. Yol yoldaşım olan Vüsal Rəhimli isə mərhum qardaşımın yadigarıdır. Onun yolunda hər cür fədakarlığa qatlaşan anası, xanımı, iki körpə balası, qardaşı Ülvi gözləyir. Bir ağsaqqal kimi, onlara dayaq olmalıyam. Buna görə özümü ələ aldım.

Rayonun girəcəyində böyük bir dəstə əllərində milli bayraqlar bizi qarşıladı. Artıq saat 00.00-a yaxınlaşırdı. Gecə soyuqda, küləkdə qazilər, əsgərlər, sıravi insanlar elə mərhəmətlə, məhəbbətlə bizə baxırdılar ki, ürək riqqətə gəlirdi. Qısa qarşılanma mərasimindən sonra Vətən Müharibəsi şəhidlərinin məzarlarını ziyarət etdik. Məzarlar zifaf otağı kimi bəzənmişdi... Burada çıxışlar oldu. Bir ayağında ambutasiya əməliyyatı aparılmış Vüsal ağrılardan qovrulsa da, hər Şəhidin məzarının başında mətanətlə ayaq üstə dayandı. Fatihə verildikdən sonra Vüsalın atasının məzarını ziyarət etdik. Ürəyimdə: “Gözün aydın, qardaşım, oğlum qazi oldu. O, sağlamlığını, bir ayağını Vətən torpağına qurban verdi. Başın uca, ruhun şad olsun!”,-dedim.

Sonra evə yollandıq. Yolda bizi müşayiət edən maşın axınının yerli əhalini narahat edəcək siqnallarından narahat oldum. Dedilər ki, buranın əhalisi belə şeylərə öyrəncəlidi, bilirlər ya Şəhid gəlib, ya da qazi. Nəhayət, qazimizin evinə - ata yurduma yaxınlaşdıq. Gözlərimə inanmadım. Sanki rayon əhalisi küçəmizə, həyətimizə toplaşmışdı. Küçə, darvaza milli bayraqlarla, həyət-baca şənlik bəzəkləri ilə bəzənmişdi. Titrək ürəyimdən bu sözlər qopdu: “Şükür sənə, Allah, ata yurdumu bu mübarək qismətlə sevindirdiyin üçün!” İnsanların fərəhi, qarşılanma təntənəsi, qadınların, qocaların sevinc göz yaşları məni elə kövrəltdi ki, özümdən asılı olmadan hıçqırdım. O gecə səhərə qədər insan axınının ardı-arası kəsilmədi.

Səhərin gözü açılar-açılmaz rayondan, eləcə də qonşu rayonlardan Vüsalın əsgər dostları, döyüş yolunu onunla birgə keçənlər, qohum-qonşu, qohum-əqrəba axışıb gəldi. Yazmaqla deyil, baş verənləri gözlərlə görmək lazım idi!

VƏTƏN BAĞRINA SAPLANMIŞ MİNA

Füzulidən Daşaltına qədər döyüş yolu keçən, iki dəfə yaralanıb, Masallı, Biləsuvar xəstəxanalarında müalicə olunan Vüsal Rəhimli yenidən öz xahişi ilə döyüş meydanına gedir. Bu dəfə onu Xocavəndə göndərirlər. O, Qələbə xəbərini burada eşidir. Döyüşçü kimi tərxis olunması üçün Ali Baş Komandanın əmrini gözləyir, lakin... Silahlı Qüvvələrin Baş Klinik Hospitalı ortopediya bölməsinin epikriz çıxarışından: “Vüsal Rəhimli 6 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının müdafiəsi zamanı yaralanmışdır. Mina partlayışı yaralanması, sağ əlin, aşağı ətrafın çoxsaylı qəlpə yaralanmasından sonrakı bərkiməmiş dəri çapıqları. sağ ayağın travmatik qopmasına görə aparılmış yaraların birinci cərrahi işlənməsi, Saym üsulu ilə ambutasiyası, sağ baldırın qüsurlu qüdülünün ləğvi, orta 13 səviyyəsindən reamputasiyası, cərrahi əməliyyatlarından sonrakı qüdülü”.

Dekabrın 18-də Vüsal hospitalda ikinci dəfə əməliyyat olundu.

Ümumiyyətlə, hələ hərbi xidmətə yola düşməzdən, mülki vətəndaş olduğu müddətdə üç dəfə əməliyyat edilmişdi. Şuşanın yaxınlığındakı Daşaltı əməliyyatına qədər ağır döyüş yolu keçmiş, orduda iki dəfə ağır travma (kontuziya, ayaq və qulaq problemi) almasına baxmayaraq, yenidən döyüş meydanına qayıtmış, zəfər qazanmaq üçün inadla mübarizə aparmışdır. Vətənin axırıncı ağrısı Xocavənddə qəlbinə sancıldı. Onun sevgisi torpağının ürəyinə saplanmış minanı çıxardıb ayağına sapladı.

Vüsal minaya düşüb ciddi zədə aldıqdan sonra ətrafa 20-30 nəfər toplanır. Kimsə yaxına gələ bilmir ki, o da minaya düşə bilər. “Bir yandan da istəmirdim onlar mənə kömək etsinlər",-deyə Vüsal o anları həyəcanla xatırlayır. Çünki minaya düşəcəklərindən qorxurdum. Eyni zamanda, o tələdən çıxıb sağalmaq da istəyirdim, daha doğrusu, o dözülməz ağrılardan qurtarmaq istəyirdim. Şabranlı gizir Toğrul ağac parçası uzatdı. Onu tutub dar zonadan diz-dizi sürünərək çıxdım. Bel sümüyündə yırtıq olmasına baxmayaraq, Toğrul məni qucağına götürüb apardı... Hadrut-Füzuli hospitalında ilk tibbi yardım göstərildikdən sonra Bakıya yola salındıq...”.

VÜSALI DÖYÜŞƏ APARAN SƏBƏB

- Üç dəfə əməliyyat olunmuşdun, yarasız kimi evində də qala bilərdin. Hansı səbəb səni döyüşə apardı?

- Çox həsrət çəkirdim: oğullar gedib döyüşür, qəhrəmanlıq göstərirlər, şəhid olurlar, onlar haqqında fərəhlə danışırlar. Son bir il ərzində televiziya kanallarında, internet portallarında yalnız belə çəkilişlərə baxırdım. Polad Həşimov həlak olandan sonra qanım damarlarımdan sıçrayırdı: gör bizim necə oğullarımız həlak olurlar! Biz isə isti evlərimizdə gündəlik məişət qayğıları ilə məşğuluq. Necə zəif və ya güclü olursa-olsun, bu mövzuda mahnıları dinləyirdim, filmləri həssaslıqla izləyirdim. Polad Həşimovla bağlı nə verirdilərsə, tapıb beş dəfə, on dəfə baxırdım. Bu da mənə psixoloji təsir göstərirdi. Teymur Pəncəli, Mübariz İbrahimov, Raqub Orucov kimi qəhrəmanlar sanki məni döyüşə səsləyirdilər. Raqub Orucov gedib anasının qəbrini ziyarət edirdi. Baxırdım, dəli kimi düşünürdüm: gör necə ürəkli oğullar var ki, düşmənin içinə girib, anasının qəbrini ziyarət edə bilir. Döyüş filmlərində qəhrəmanların, rolları ifa edən aktyorların yerində özümü görürdüm, elə bilirdim mən də onların arasındayam. Əsgəri xidmətimi sərhəd qoşunlarında keçirmişdim, iki il əlimdə silah xidmət etmişdim, yaxşı atıcıyam. Mən niyə evdə oturmalı idim?

Qardaşım oğlu Vüsalı yaxşı tanıyııram. O, təbiətən romantik deyil, dəli-dolu cavanlardan biridir.

- Döyüşdə şahid olduğun ən təsirli məqamlar?

- Atəş açanda əsgərlərimizin etdikləri çağırışlar bir an belə yadımdan çıxmır: “Yaşasın Ali Baş Komandan!”, “Mübariz İbrahimova xatir!”, “Allah Şəhidlərimizi rəhmət eləsin!”, “Yaşasın Poladlar!” Bu eşqlə 216 nəfər könüllü döyüşə getdik. Şəhid olanlarla, yaralılar hesabına sıralarımızda daim azalma olub. Bu, bizi daha cəsarətli və sayıq olmağa səsləyirdi.

QAZİ VƏ ƏSGƏR QONAQLARIMIZ

Atamızın evində on dörd gün ağsaqqal kimi qaldıq. Hər gün evimizdə izdiham vardı. Bu günlər bir yazıçı-dramaturq, jurnalist-rejisor kimi ağlımızda bir fikir dolanırdı: müqəddəs Vətənə, onun igid oğullarına qələm borcunu vermək! Buna görə Vüsalımızın, eləcə də onun döyüş qardaşlarının gündəlik söhbətlərini lentə almaq, duyğularımı oxucularımızla bölüşmək istədik!

I QRUP: Elgün Rzazadə (tabor komandiri), Həsrət Əzimov, Bəhruz Dadaşov, Aslan Əmirli, Elxan Səfərzadə (Astara), Anar Həsənov, Nasif Səfərov, Bəhruz Alışov, Akif Həsənzadə, Fərid Zeynallı, Azər Ağazadə, Fərahim Rüstəmzadə;

II QRUP: Alim Şükürzadə,Elşad Məmmədov, Anar Rəhimov, İlkin Tağızadə, Şahlar Əhədov, Azər Hüseynzadə, Elvin Quluzadə, Orxan Quluzadə, Qəhrəman Əmənov, Mirzəmməd Kərimli.

Bu könüllülər baş atıcı nizamlayıcı, kəşfiyyatçı əsgərlər, hava hücumundan müdafiəvə s. əsgəri peşələrə sahib idilər. Onların hər biri müdafiəsində olduqları şəhərlərin adlarına uyğun müxtəlif medallara, döş nişanlarına layiq görülmüşlər. Ürək sözünü deyən hər kəs birinci növbədə Ali Baş Komandana təşəkkür edir, Şəhidlərə rəhmət göndərir, qazilərə sağlamlıq diləyirdi.

ALİM ŞÜKÜRZADƏ: - Burada iştirak edən, yəni evinizdə qonaq olduğumuz əsgər yoldaşlarımızla birgə hamımız könüllü şəkildə döyüş bölgəsinə yollandıq. “N” saylı hərbi hissədə silahlarla təmin olunduqdan sonra Füzuli rayonunda gedən döyüşlərə qoşulduq. Döyüş taktikasına uyğun olaraq, qruplara bölündük. Biz Vüsal qardaşımızla bir yerə düşmüşdük. Füzulidə üç kəndin düşməndən azad olunmasında iştirak etmişik. Orada 150 nəfərə yaxın bir heyət idik. Elə ilk əks-həmlə günü düşmən tankı birbaşa üstümüzə gəldi. Könüllü olan qrupumuzla birgə həmin tankın zərərsizləşdirilməsinə başladıq. Orada “Meşə” deyilən bir ərazi vardı. O əraziyə beş-altı qrup girsə də, götürə bilməmişdi. Zabitlərimizin üzərimizdə əməyi çoxdur. Onların köməyilə həmin meşə ərazisindən biz hərbi qənimət kimi bir tank, 2 “Ural”, 4 “Satko”götürüb dövlətimizə təhvil verdik. Füzuli rayonunun mərkəzinə çatan zaman daha çətin döyüşlərə girdik. Orada ilk dəfə mən də, Vüsal qardaşımız da yaralandıq. Hər ikimizi hərbi hospitala müalicəyə göndərdilər. Qısamüddətli müalicədən sonra öz arzumuzla yenidən döyüşə qatıldıq. Hərbi hissə komandirimiz bizi Xocavənd istiqamətində gedən döyüşə yolladı. Anar, Elgün, Vüsal qardaşımızla Xocavənd uğrunda gedən döyüşlərə qatıldıq. Əsgər olmağıma baxmayaraq, DİN-nin keçmiş əməkdaşı kimi, döyüş taktikasını yaxşı bildiyimə görə məni könüllülər üzərində qrup komandiri təyin etdilər. Biz Xocavənd uğrunda gedən döyüşlərdə çox fəal iştirak etdik. Tuğ kəndinə qədər getdik. Şuşaya bir kənd qalmış mən də, Vüsal da, Anar da yaralandıq. Allaha min şükür ki, torpaqlarımız işğaldan azad oldu. Qayəmiz nə idisə ona nail olduq. Cənab Ali Baş Komandan başda olmaqla bütün Azərbaycan xalqını təbrik edirik. Bütün Şəhid analarının qarşısında baş əyir, ata-analarına səbir diləyirik. Bütün qazi qardaşlarımıza da Allahdan şəfa arzulayırıq.

AZƏR HÜSEYNZADƏ: - Əks-həmlənin birinci hissəsində Füzuli istiqamətində döyüşmüşük. Füzuli şəhəri işğaldan azad olandan sonra Lənkərandan gedən könüllüləri ayrı-ayrı hərbi hissələrə bölüb, Cəbrayıl istiqamətində gedən döyüşlərə yolladılar. Cəbrayılın üç kəndi qalmışdı. Onu azad etdikdən sonra Qubadlı-Zəngilan yolunun təmizlənməsində bizim qrup fəal iştirak etdi. Sonra Qubadlı istiqamətində döyüşlər getdi. Müəyyən yaralanmalar oldu, amma döyüş meydanını tərk etmədik. Burada da döyüş bitəndən sonra bizim hərbi hissə Şuşa şəhərinin müdafiəsinə göndərildi. Birinci əməliyyatımız Şuşa-İsa bulağı ərazisində oldu. İkinci istiqamət Laçın dəhlizinin müdafiəsi idi. On beş gün müddətndə biz orada müdafiə ilə məşğul olduq. Xankəndindən çıxan düşmənlərin dağlıq əraziyə səpələnməsinin qarşısını aldıq. Ondan sonra Daşaltı ərazisində qalan terrorçuların ərazilərdən çıxarılmasında iştirak etdik. Beləliklə, bizim döyüş yolumuz bitdi, təxlis olunduq. Yaralılarımız və şəhidlərimiz vardı... Onar bizdən ötrü canlarından keçdilər, sağlamlıqlarını itirdilər.

ELVİN QULUZADƏ:- Mən sentyabrın 29-da Lənkəranın 216 nəfər könüllüsü ilə cəbhəyə yollanmışam. Orxan, Qəhrəman, İsmayıl, burada olmayan başqa qardaşlarımız da var. Biz Füzuli istiqamətindən girib, Hadrut yolu ilə Kürdlər kəndini keçmiş, Xocavəndə girib 44 gün ərzində döyüşərək irəliləmişik. Zaur, Vasif qardaşlarımız şəhid oldular. Müxtəlif cür əziklərim olsa da, çox ciddi yaralarım olmayıb. Döyüşdən bir an belə kənarda qalmamışam. Əgər sabah döyüş olarsa, biz yenə də qatılmağa hazırıq.

ORXAN QULUZADƏ:- Mən kəşfiyyat taborunun komandiri olmuşam. Elvin qardaşaımla rayon hərbi komissarlığından bir yerdə çıxıb, bir yerdə də qayıtmışıq. Şəhidlərimizin ata-anası bizim ata-anamızdır. Hər an onların qulluğunda dayanmağa hazırıq.

QƏHRƏMAN ƏMƏNOV: - Orxan, Elvinlə döyüşün ilk günündən bir yerdə cəbhəyə yollanmışıq. Müharibənin qurtarmasına bir gün qalmış, Xocavənd istiqamətində gedən döyüşlərdə yaralanmışam.

AZƏR HÜSEYNZADƏ:- Biz döyüşə təmənnasız qoşulmuşduq. Heç nə gözləmirdik, nə mal, nə mülk. Şükür hər şeyimiz də var. Döyüş əzmimiz qanımızla gələn bir şeydir. Biz döyüşdə də birliyimizi göstərdik. Xalq üçün bir olduq, mübariz olduq. Zaur qardaşımız şəhid oldu. O, tez-tez xatırladırdı ki, biz qələbə qazanmalıyıq. Artıq üç dəfə gedib məzarını ziyarət etmişik.

“40 METR”

Vüsalla döyüş dostları daha bir qəhrəmanlıq hadisəsini danışdılar: 30 il ərzində düşmən yalnız müdafiə xətləri qurub. Füzulini öz əlində saxlamaq üçün eni iki, uzunu on, iyirmi metr, özü də səngərsiz, atəş nöqtəsi yer üstündə, texnikası yer altında olan müdafiə xətləri vardı. O betonlara nə top, nə minomyot, nə qumbara təsir edirdi. Dəyirdi, daş kimi yerə düşürdü.

Füzulinin Narınlı kəndində məşhur bir “40 metr” deyilən bir ərazi vardı. Bu, müdafiə xətti 40 metr uzunluğunda qalın beton səddi idi, eni 2-3 metr olardı. Düşmən bunu xüsusi olaraq yaratmışdı. Orada betonun içindən dörd tərəfə atəş açılırdı. Ağdamdan, Laçından, Zəngilandan müdaxilələr olurdu, lakin həmlələr nəticəsiz qalırdı. Çünki xüsusi texniki imkanlarla düzəlmiş atəş mənbəyi betonun içində idi. Ətraf açıqlıq idi. Dayanmadan dörd gün döyüşdük. Yağışda, dumanda qaldıq. Ayazda gecələr keçirtdik. Bura təmimat da gətirə bilmədiklərindən ac qalırdıq. Bir butulka suyu on nəfər içmişik.

Açıq gülləyə sinə gərmək rəşadət və mərdlik, canından keçmək tələb edirdi. Biz bunun öhdəsindən gəldik. Biz heç vaxt aclıqdan şikayət etmədik, bunu mənliyimizə sığışdırmadıq. Nəticədə, “40” metr də dağıdıldı.

GENERALLA ƏSGƏR SEÇİLMİRDİ

SUAL. İstərdim ki, zabitlərinizi də xatırlayasınız. Döyüş meydanında onların hansı strategiya və taktikası sizə kömək oldu? Sizi necə yönləndirirdilər?

ALİM ŞÜKÜRZADƏ: -Nəzərə alın ki, biz hərbçilər deyildik, könüllü getmişik. Orada nə danışmağa, nə də bir-birimizi tanımağa vaxtımız olurdu. Hərbi hissəmizin komandiri mayor Emil Axundov çox gözəl insan idi, onun taktikasından çox istifadə edirdik. Baş leytenan Pərvin Abdullayev kəşfiyyat bölgüsü üzrə koordinatlar verirdi. Onlar döyüş bölgəsində hər an bizə dəstək idilər. Azərbaycanın XTD-nin tərkibindəki əsgərlər əsl cəngavər idilər. Düşmənlərin heç yuxusuna da girməzdi ki, biz Şuşanı ala bilərik.

Elə koordinatlar vardı ki, biz onu çıxarda bilmərik. Tabor komandiri kapitan Rəşad Qasımovun hesabına bütün ərazinin döyüş xəritəsi bizdə var idi. Onu bizim kəşfiyyat dəstəmiz hazırlamışdı. O xəritə əsasında kordinatlar verilirdi, biz də düşmənlərin dəqiq strateji nöqtəsini sıradan çıxarırdıq. Toplarla mümkün olmayan ərazilərə biz əlbəyaxa döyüşlə girirdik. Dəfələrlə mühasirəyə düşmüşük, amma çıxmışıq. Biz 44 gün əks-həmlə zamanı baş verənlər haqqında 44 il danışa bilərik. Çoxu adamın yadından çıxır. Yadımızda isə əsas məqsədimiz – Zəfər qazandığımız anlar qalır. Döyüşlərdən sonra yaddaşımızda passivlik var. Bir insanın yanında nə qədər top səsi olar, minomyot partlayar? Adam nə qədər Şəhid görər? Bunlar bizim kimi könüllü gedən əsgərlər üçün normadan atıq yük idi. Bu da istər-istəməz bizim psixologiyamıza ağır təsir göstərirdi.

ANAR RƏHİMOV:- Heç bir halda yaralıları qoyub getmədik. Döyüş meydanından beş Şəhid çıxartdıq. Bunun nə demək olduğunu yəqin ki, başa düşürsünüz.

ALİM ŞÜKÜRZADƏ: – Cənab general Hikmət Mirzəyev, cənab general Mayis Bərxudarova, general-leytenant Kərim Vəliyev bizimlə bərabər döyüşüblər. Belə generalların qarşısında baş əyirəm, onlara canımı qurban verərəm.

AZƏR HÜSEYNZADƏ: –General Mayis Bərxudarov, general-leytenant Kərim Vəliyev Cəbrayıl-Qubadlı döyüşlərində bizə mənəvi dəstək olub döyüş yükü verirdilər: “Mənim ərənlərim, hücum!” deyirdilər. Biz belə döyüşçü generalların hesabına qələbə qazandıq. Onların hesabına bizdə döyüş ruhu var idi. Onların hesabına bizdə stimul yaranmışdı. Bizdə motivasiya yaratmışdılar. Bizə o qədər yaxın idilər, o qədər sadə idilər, general olduqlarını unudurdular. Paltarları o qədər torpaq içində olurdu ki, yalnız ayaqqabılarından kim olduqlarını bilirdik. Bir də görürdük Kərim bəy yerdədir, o vəziyyətdə qışqırırdı: “Biz qalib gələcəyik. Mənim ərənlərim, hücum!” Ölümün bir addımlığında belə, bizə döyüş ruhu aşılayırdı.

ELVİN QULUZADƏ:– Bizimlə birlikdə astaralı mayor Mənsurov var idi. Döyüşə girdiyimiz ikinci gün neytralda qalmışdı. Biz gedib ora çatanda gördük ki, ətrafında 20-dən çox düşmən nəşi var. O, təkbaşına mübarizə aparıb. Döyüşçü qardaşlarımız - Nurlan Əmənli, İsmayıl Ağayev, bir də baş leytenant Bağı Bağıyev gedib onu neytraldan götürdülər. Biz belə döyüşçü qardaşlarımızı heç vaxt unutmarıq.

TORPAQ KİMİN HALALIDIR

QƏHRƏMAN ƏMƏNOV: – Əsgər qardaşlarımızdan biri-polkovnik leytenant Orxan Əkbərov səngərdə xəritəni qabağına qoyur, tikan çöpü ilə koordinat çıxardıb ötürürdü. Döyüşə girəndə də özünü əsgərdən qabağa verirdi. Çox sevdiyim naxçıvanlı balası polkovnik-leytenant Elvin Əsgərov əsl kişi, əsl insan idi. O, yaralandı, qısa müalicədən sonra yenə də döyüş meydanına atıldı.

İstəyirəm əsgər qardaşlarımızdan Şəhid Vasif Abıyevi də xatırlayaq. 34 yaşlı bu döyüşçü sadə, zarafatcıl idi. Bir tikə yeməyini uşaqlarla bölüşürdü. Aprel döyüşlərinin iştirakçısı qazi Zaur İsmayılzadə evli idi, könüllü gəlmişdi. O da Şəhid oldu. Əsgər İsmayıl Ağayev də üç gün bizimlə bir yerdə oldu... Ümumiyyətlə, Azərbaycan ordusunu təmsil edən generaldan sıravi əsgərə qədər hər kəs döyüşüb. Arxadan bizə təminat gətirən əsgərlərin belə qələbədə payı var. Əgər onlar yemək gətirməsəydilər, biz qabağa gedə bilməzdik. Onların həyatı daha çox təhlükədə idi, çünki düşmən təminatın bizə çatdırılmasına ciddi-cəhdlə mane olurdu. Kim bu torpaqlarda döyüşüb, qələbəyə yardım edibsə, bu torpaq onun halalıdır.

DÖYÜŞ MEYDANINDA “TAN-TAN”

ELGÜN RZAZADƏ: Həyəcanlı olanda dilim də pəltək olur. Bir də gördüm düşmən tankı üstümüzə gəlir. Tank demək əvəzinə qışqırdım: “Tan-tan-tan... gəldi-gəldi-gəldi...” Taborun uşaqları narahat olmaq əvəzinə baxıb gördüm ki, qəşş etdilər. Gülməkdən qarnını tutub yerə uzanan kim!.. Elə mövqelər tutmuşduq ki, biri tanka 20 metr, o biri 50 metr, başqası 70 metr, o biri 100 metr yaxın idi. Biz o tankın “işinə baxdıq”. Sonra üç gün üstümüzə yağış yağdı. Bax, o yağışda su içində olmağımızla yanaşı, üstümüzə hər növ silahdan atəş yağışı da yağırdı: snayperdən, qrantamyotdan, topdan, tankdan. Paltarlarımızdan suyu sıxıb yenidən geyinməyə belə imkanımız yox idi.

VÜSAL RƏHİMLİ: – O günü yaşayırsan. Keçir, sənə yuxu kimi gəlir. İnana bilmirsən ki, sən o günü yaşamısan. Biz Vətəni müdafiə etməyə gedəndə də, qayıdanda da təltif, mükafat barədə düşünmürdük. Hərbi hospitalda müalicə olunanda eşitdik ki, Ali Baş Komandan bizi yüksək orden, medallarla təltif edib. Bu zaman daxilimizdə sanki bir oyanış baş verdi. Əgər Ölkə Prezidenti bizi sərəncamla mükafatlandırırsa, deməli, Vətənə layiqincə xidmət etmişik. Bax, onda mən ayağımın bir hissəsinin ambutasiya olunmasına da, çəkdiyim ağrılara da təəssüflənmədim. (Vüsal Füzuli və Xocavənd rayonlarının azad edilməsinə görə, həm də “Cəsur döyüşçü” medalı ilə təltif olunub. Söhbətdə iştirak edən hər bir qazi və əsgər də müxtəlif medallarla və nişanla mükafatlandırılıblar.)

HƏSRƏT ƏZİMOV: - Döyüşçü qardaşlarımızın da qeyd etdikləri kimi, heç birimizin yadına düşmürdü ki, mükafatlandırılarıq. Vətəni qorumaq, torpaqlarımızı işğaldan azad etmək bizim vətəndaşlıq, insanlıq, kişilik borcumuz idi. Lakin Ali Baş Komandanımız böyük alicənablıqla döyüşdə olan hər bir əsgəri mükafatlandırdı. Buna görə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

QAZİLƏRİN ARZUSU

SUAL: – Döyüşə yola düşərkən, doğma evlərinizdən ayrılanda özlüyünüzdə kim idiniz, haqqınızda nə düşünürdünüz? Qalib əsgər kimi evlərinizə qayıtdınız. İndi özünüzü necə və kim hesab edirsiniz?

ELVİN QULUZADƏ:–Qalib kimi evinə dönmək çox böyük xoşbəxtlikdir. Mən dənizdə xilasediciyəm. Yüzdən çox adam xilas etmişəm. Gedib vətəni müdafiə

edib qayıdandan sonra insanları xilas edəndə duyduğum fərəh bu fərəhin yanında sönük qalır. Bundan duyulan qürurun ölçüsü yoxdur. Çünki döyüşdə həm vətəni, həm torpağını, həm əsgər yoldaşlarını qoruyursan, həm gücünü görürsən, həm də yanındakı yoldaşlarınla fəxr edirsən. Burada oturan qardaşlar da təsdiq edə bilərlər ki, hamı öz borcunu kişi kimi yerinə yetirdi. Biz qalib Azərbaycanın qalib vətəndaşıyıq! Ən böyük fəxrimiz, bax, budur!

İLKİN TAĞIZADƏ: – Doğrudur! Biz Qalib Azərbaycanın qalib vətəndaşıyıq. Bununla qürur duyuruq.

ALİM ŞÜKÜRZADƏ: – Gözümüzü açandan valideynlərimiz, müəllimlərimiz, ziyalılarımız bizi vətənpərvərlik ruhunda tərbiyə ediblər, heç vaxt deməyiblər ki, kiminsə torpağına gir, insanları incit, alçat və s. Otuz il susub ağrıdığımız səbəblər bizi torpaqlarımızı xilas etmək üçün döyüşə apardı. Siz soruşursunuz ki, indi özünüzü necə hiss edirsiniz? İndi özümüzü çox rahat hiss edirik. Otuz il bizdən didərgin düşən yuxularımız geri qayıdıb, indi vicdanı sakit, rahat yata bilirik. Bütün dünyaya sübut edtdik ki, Azərbaycan kişiləri var və onlar çox qeyrətlidirlər. İgiddilər.

VÜSAL RƏHİMLİ: – Qabaqlar böyüklərimiz söhbət edəndə daha çox rus-alman müharibəsindən, xalqımız isə torpaqlarından qovulmaqdan, əziyyətlərindən danışardılar. Bundan sonra isə bizdən danışacaqlar.

ORXAN QULUZADƏ: – Biz döyüş meydanlarında olmuşuq, Ali Baş Komandanımızın rəhbərliyi ilə Vətəni qorumuşuq, torpaqlarımız geri alınıb. Bu, bizim müqəddəs borcumuz idi, onu da etdik. Ali Baş Komandanımızdan bir xahişim var: yeni bir telekanal açılsın. O kanalda yalnız Vətənpərvərlik nümunələri nümayiş olunsun. Yarıçılpaq müğənnilər və sairə onun ekranına yaxın durmasınlar. O kanalda Azərbaycan ordusunun fəaliyyəti, vətənpərvərlik mövzusunda, həmçinin dini filmlər nümayiş olunsun. Nəsihətamiz teleoçerklər çəkilsin. Evlərimizdə gələcəlyin əsgərləri yetişir. Qoy baxsınlar,Vətən eşqi uşaqların damarlarında qaynasın!

Rafiq RƏHİMLİ,

Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi,

yazıçı-dramaturq

Mənbə: sia.az