Qənirə Paşayeva tanınmış sənətçi Rəhman Məmmədli ilə görüşüb

Qənirə Paşayeva tanınmış sənətçi Rəhman Məmmədli ilə görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva tanınmış gitara və tar ifaçısı Rəhman Məmmədlini Mədəniyyət Komitəsində qəbul edib, sənətçinin sənət uğurları, yaradıcılıq planları ilə tanış olub, qayğılarını dinləyib.

Komitə sədri sənətçinin həyat və fəaliyyəti haqqında yaddaqalan hadisələri məmnuniyyətlə xatırlayıb: "Siz dəfələrlə döyüş bölgələrində əsgərlər qarşısında konsertlərdə iştirak etmisiz. Hal-hazırda Füzuli şəhər 3 saylı Uşaq musiqi məktəbində tar müəllimi vəzifəsində çalışırsız.

Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, beynəlxalq müsabiqələr laureatı olan oğlunuz Tural da sizin sənət yolunuzun layiqli davamçısıdır. Sizə uğurlar arzulayıram"!

Sənətçi 2016-cı ildə Tehranda, daha sonra müxtəlif illərdə Ərdəbil şəhərində konsert proqramı ilə çıxış etdiyini, Təbriz şəhərində ustad dərsləri keçdiyini, 2016-cı ilin may ayında Bakıda “EtnoClass” orkestri ilə birgə solo konsert proqramı ilə səhnə aldığını, 2017-ci ildə ABŞ-ın məşhur “Global Heart Media” şirkətinin dəvəti ilə Texas Ştatının Dallas və Hyuston şəhərlərində konsert proqramı ilə çıxışlar etdiyini bildirib.

Qeyd edək ki R.Məmmədli hələ sovet dövründə Biləcəri Dəmiryolçularının Mədəniyyət Evində bədii rəhbər vəzifəsində çalışıb. Bu illər ərzində həmçinin Ə.Bakıxanov ad. Xalq çalğı alətləri ansamblında tar və gitara ifaçısı olub. Daha sonra peşəkar fəaliyyətini dünya şöhrətli müğənni, Xalq artisti Zeynəb Xanlarovanın dəvəti ilə onun ansamblında solo gitara ifaçısı kimi davam etdirib, müxtəlif ölkələrdə həmin ansamblla birgə konsert proqramı ilə unudulmaz çıxışlar edib.

2008-ci ildə qardaş Türkiyənin televiziya kanalları tərəfindən R.Məmmədli haqqında verilişlər çəkilib, televiziya konsertləri hazırlanıb. Eləcə də həmin il dünya şöhrətli “Duyğu Müzik” şirkəti tərəfindən musiqi albomu hazırlanaraq Avropa ölkələrində təbliğ olunub.

R.Məmmədli səmimi görüş və fikir mübadiləsi üçün Komitə sədrinə təşəkkür edib

Mənbə: faktor.az