Zığda təhlükədə yaşayan 40 ailə köçürüləcəkmi? – BŞİH-dən açıqlama

Zığda təhlükədə yaşayan 40 ailə köçürüləcəkmi? – BŞİH-dən açıqlama

Bakı Şəhər İcra Hakimiyyəti Suraxanı rayonu, Zığ kəndi Hətəm Allahverdiyev ünvanında, sürüşmə zonasında yaşayan 40 ailə ilə açıqlama verib.

Qurumun mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov News24.az-ın sorğusuna cavab olaraq bildirib ki, ailələrin həmin ərazidən köçürülməsi üçün Nazirlər Kabinetinin qərarı olmalıdır: “Fövqəlada Hallar Nazirliyi və digər qurumlar rəy verirlər. Məsələn, Nazirlər Kabineti qərar verir, burda nə qədər ailə var, bu qədər sahələri var, hər sahəyə görə nə qədər pul ödənməlidir. Bunlar müəyyən olunandan sonra o qərar verilə bilər. İndi şikayət edən 40 ailənin sənədlərinə də baxılmalıdır ki, qaydasındadır, ya yox. Yəni Nazirlər Kabinetinin köçürülmə ilə bağlı qərarı olandan sonra yerli qurumlar da o qərarı icra etməlidirlər. Səbael rayonunda o vaxt müəyyən olundu ki, 98 ailə köçürülür, qərarda göstərildi ki, bunlara hər kvadrata görə nə qədər məbləğ, kompensasiya verilib, ödənilən kompensasiyanın miqdarı Səbail rayoinu icra hakimiyyətinə köçürüldü. Sonradan başqa adam ora gəlib əlavə kompensasiya istəməsin deyə, insanlar hissə-hissə ordan köçürüldü”.

BŞİH sözçüsü onu da əlavə edib ki, Nazirlər Kabimetinin köçürülmə ilə bağlı qərarının icrası yerli icra hakimiyyətlərinə tapşırılır.

Qeyd edək ki, Suraxanı rayonu Zığ kəndi Hətəm Allahverdiyev ünvanında yaşayan 40 ailənin təhlükədə olması ilə bağlı redaksiyamıza müraciət daxil olmuşdu. Kənd sakini Səriyyə Məcidova News24.az-a bildirmişdi ki, ərazidə yerləşən evlər 2016-cı ildən sürüşmə zonasına aid edilib. 2019-cu ilin mart ayında Fövqəlada Hallar Nazirliyi qərar verib ki, orada yaşayan 40 ailə üçün ciddi təhlükə yaranıb. Bu ailələr təcili olaraq köçürülməlidir. Həmin qərara rəğmən, heç bir tədbir görülməyib.

Afaq Mirayiq

Mənbə: news24.az