Qarsda Dövlət Bayrağı və Konstitusiya günləri qeyd olunub

Qarsda Dövlət Bayrağı və Konstitusiya günləri qeyd olunub

Azərbaycan Respublikasının Qarsdakı Baş konsulluğunun təşəbbüsü və Türkiyənin Ərzurum və Qars vilayətlərində təhsil alan tələbələrimizin təşkilatçılığı ilə Qarsda 9 noyabr - Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya Günü münasibəti ilə təntənəli mərasim təşkil olunub.

APA-nın yerli bürosunun xəbərinə görə, mərasimdə Ərzurum Atatürk Universitetində təhsil alan azərbaycanlı tələbələr, Qars Qafqaz Universitetinin azərbaycanlı müəllim və tələbə heyəti, yerli ictimaiyyətin tanınmış nümayəndələri, KİV və QHT təmsilçiləri iştirak ediblər. Öncə Azərbaycan və Türkiyənin suverenliyi və ərazi bütövlüyü naminə canlarını fəda edən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev bu günün qeyd edilməsinin hər bir azərbaycanlı üçün şərəf olduğunu vurğulayıb. Baş konsul qeyd edib ki, müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Mərasim çərçivəsində Qars vilayətinin müxtəlif guşələrində tələbələr tərəfindən Azərbaycan və Türkiyə bayraqları dalğalandırılıb.

Tədbir bədii hissə ilə davam etdirilib.

Mənbə: apa.az