Öz arvadını Beriyadan xilas edə bilməyən katib – Stalin ona başqa bir qadın göndərib

Bir adam düşünün ki, heç bir günahı olmayan arvadının həbs sanksiyasını öz əlləri ilə hazırlaya və imza qoyulması üçün əmrə müntəzir şəkildə hökmdarın önündə gözləyə…

Stalinin yanında beləsi də olub. Özləri yüksək vəzifədə olmalarına baxmayaraq, həyat yoldaşları həbs olunan (həm də tam günahısız olduqları halda) adamlardan biri də Stalinin şəxsi katibi Aleksandr Poskrebışev olub.

O, uzun illər boyunca Stalinin kölgəsi olsa da, Stalin onun həyat yoldaşının NKVD-nin əlinə keçməsinə və güllələnməsinə dözümlü yanaşıb, hətta onunla qara zarafat da edib: "Sənə arvad lazımdırsa, taparıq”.

Amma bu söz zarafat olmaqla qalmayıb. Gerçəkdən də arvadı həbs olunandan bir qədər sonra onun evinə Yekaterina Zimina ad-soyadlı bir hündürboy qadın gəlib və deyib ki, ona Poskrebışevin arvadı olmaq əmr edilib.

Poskrebışev partiyanın əmri ilə razılaşıb, gələn qadını qəbul edib və onunla yaşamağa başlayıb. Bu onun üçüncü arvadı olub. Birinci arvadı Yadviqa 37-ci ildə xəstəlikdən ölüb.

Poskrebışevin repressiya qurbanı olaraq güdaza gedən ikinci arvadının adı isə Bronislava Metallikova olub. Qadının yeganə günahı o olub ki, onun qardaşı Mixailin arvadı bir zamanlar Lev Trotskinin oğlunun arvadı olub.

1933-cü ildə Bronislava və Mixail Parisdə səfərdə olarkən Trotskinin oğlu Lev Sedovla görüşüblər. Bu təsadüfi görüş onların hər ikisinin həyatını puç edib. 1937-ci ildə Metallikovlara qarşı cinayət işi açılıb. Poskrebışevin arvadı əvvəlcə bu tordan xilas ola bilib, amma qardaşı əlli-ayaqlı gedib. Digər qohumları Bronislavaya rahatlıq verməyiblər ki, o, ərinin Stalinin köməkçisi olmasından yararlanaraq qardaşını xilas etsin. Bronislava Lubyankaya gedərək Lavrenti Beriya ilə görüşmək istəyib. Qadın gedib və geri dönməyib. Poskrebışev arvadnı axtarıb, Beriyanın yanına gedib, ancaq o, "qadını evinə yola salmışıq” deyib. Poskrebışev Stalindən məsələyə müdaxilə etməsini xahiş edib. Amma "dahi rəhbər” sədaqətli köməkçisinə bildirib ki, çox da o yan-bu yan eləməsin, özünü də yandıra bilər.

Özü yanmaqdan qorxan Poskrebışev taleyinə boyun əyib, hətta arvadının həbsi ilə bağlı sənədi imzalaması üçün Stalinə şəxsən təqdim edib. "Humanist” Stalinin könlü köməkçisinin qadınsız qalmasına dözməyib və partiya xətti ilə ona təzə arvad göndərib.

Bu sətirləri oxuyanda adama elə gələ bilər ki, Poskrebışev fağır, əfəl biri olub. Ancaq heç də elə deyil. Zamanında Poskrebışev SSİR-ninən güclü nazirlərindən də nüfuzlu adam olub, əksər nazirlərin, katiblərin karyerası, həyatı məhz Poskrebışevdən asılı imiş. Çünki hər gün Stalinlə görüşən, onun üçün sənədlər, hesabatlar, təqdimarlar hazırlayan şəxs istənilən adamın işini bitirə bilərdi.

Tarixçi Dmitri Volkoqanov onun haqqında yazıb: "Stalin Poskrebışevi yanına çağırmadığı istənilən vaxt onun keçəl başı həmişə kağız-kuğuzun üzərinə əyilmiş vəziyyətdə olurdu. O, kömpüter yaddaşlı adam idi. Ondan istənilən məsələ ilə bağlı arayış almaq olardı”.

Fransız yazıçısı Barbüs isə Poskrebışev barədə belə yazıb: "Stalinin Loyd Corc kimi 32 katibi yoxdur, onun katibi birdir – yoldaş Poskrebışev. Stalin başqasının yazdığı sənədi imzalamırdı. Bütün materialları Poskrebışevə verirdilər və hər şeyi özü edirdi”.

Aleksandr Nikolayeviç Poskrebışev 1891-ci ildə Vytask quberniyasında doğulub.

O, feldşer məktəbini bitirəndən sonra Barança partiya təşkilatının katibi olub. 1918-19-cu illərdə Xüsusi Türküstan ordusunda siyasi şöbədə işləyib.

1922-ci ildə Moskvaya göndərilən Poskrebışev Rusiya Kommunist (bolşeviklər) Partiyasının mərkəzi aparatında işləməyə başlayıb. Əvvəlcə təlimatçı, sonra işlər idarəsi müdirinin müavini, MK katibi Stalinin köməkçisi vəzfələrində çalışıb.

1927-ci ildə Moskva Dövlət Universitetini bitirib, partiya aparatında müxtəlif vəzifələr tutub. 1935-ci lldən baş katib Stalinin dəftərxanasının müdiri işləməyə başlayıb.

Poskrebışev hansə vəzifədə işləyibsə, həmişə işinə məsuliyyətli, rəhbərinə sədaqətli olub. Buna görə də Stalinin ona etimadı böyük olub.

Ancaq Stalinə təsir imkanları böyük olduğuna görə hakimiyyət ambisiyası olan Beriya Poskrebışevi ölkə rəhbərinin yanından uzaqlaşdırmaq planı qurub və sonda buna nail olub. Onun məqsədi Poskrebışevin tutduğu vəzifəyə öz adamını yerləşdirmək olub. Beriya 1952-ci ilin noyabrında Poskrebışevın adını "sionaistlərin işi” adlı cinayət işinə saldıra bilib, üstəlik, ona qarşı vacib sənədləri itirməsinə dair ittiham irəli sürüblər. Sonradan məlum olub ki, sözügedən sənədləri məhz Beriya yoxa çıxartdırıbmış.

Bununla belə, Stalini Poskrebışevin sədaqətsizliyinə inandırıblar və o, belə bir açıqlama verib:

Əgər bu hadisədən bir neçə ay sonra Stalin ölməsəydi və Beriya tutulub güllələnməsəydi, yəqin ki, "xain” Poskrebışevi də güllələyəcəkdilər. Amma onun qanının arasına Nikita Xruşov girib və Poskrebışevi repressiyadan xilas edib. O, 1965-ci ilə qədər səssiz-səmirsiz yaşayıb.

//konkret.az

Panorama.az

ƏVVƏLKİ XƏBƏR

2022-ci ildə dünya miqyasında İKT-nin xərcləri nə qədər olacaq?

SONRAKI XƏBƏR

Evo Morales: "Boliviyada dövlət çevrilişi təhlükəsi var"