Aprelin 22-25-də Azərbaycan Respublikası Təhsil İnstitutunun dəstəyi, Təhsil İdarəçiləri Assosiasiyası və “T-NETWORK” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə Təhsil İdarəçiliyi Beynəlxalq Konfransı təşkil ediləcək. Konfransa təhsilin idarə olunması üzrə çalışan yerli və beynəlxalq tədqiqatçılar, alimlər, təhsil işçiləri, doktorantura və magistratura tələbələri dəvət olunurlar.
“T-NETWORK”dan AZƏRTAC-a bildirilib ki, konfrans “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i və sənədin “XXI əsrin tələblərinə uyğun təhsil” istiqamətini rəhbər tutaraq bu sahədə qarşıda duran vəzifələri işıqlandırmaq məqsədi daşıyır. Bu məqsəd həm də təhsil idarəçiliyinin mövcud vəziyyətinin təhlilini, bu sahədəki tədqiqatlarla, həlli vacib hesab edilən məsələlərin çıxış yolları ilə bağlı elmi cəhətdən əsaslandırılmış təkliflərlə tanışlıq, yerli və beynəlxalq təcrübələrin mübadiləsinə şərait yaratmaq və bu istiqamətdə yeni tədqiqatlara çağırış etmək ideyalarını əhatə edir.
Konfransda iştirak ödənişsizdir. Təhsil işçiləri və təhsil sahəsində tədqiqat aparanlar həm spiker, həm də dinləyici olaraq iştirak edə bilərlər. İştirak etmək istəyənlər tezislərin qısa xülasəsini martın 25-dək, yekun tədqiqat işini isə aprelin 10-dək göndərməlidir. Konfransın Elmi Komitəsi tərəfindən müsbət qiymətləndirilən tədqiqatların müəllifləri tədbirdə çıxış hüququ əldə edəcəklər. Xülasələrin qiymətləndirmə meyarlarına əsasən tədqiqat konfransın mövzularına uyğun olmalı, istifadə edilən tədqiqat metodu düzgün seçilməli və əsaslandırılmalıdır. Eyni zamanda, nəticələr tədqiqat metoduna uyğun analiz edilməli, aydın və səlis izah olunmalı, sahəyə töhfəsi və əhəmiyyəti göstərilməli, açar sözlər tədqiqata uyğun seçilməlidir.
Təhsildə liderlik, keyfiyyətin təminatı, qiymətləndirmənin təşkili, planlaşdırma, təhsilin iqtisadiyyatı, distant təhsilin idarə olunması, inklüziv və xüsusi təhsil idarəçiliyi, peşə təhsili və idarəçilik, təhsilin idarə olunmasının beynəlxalq modelləri mövzularını əhatə edəcək konfrans Azərbaycan, türk, ingilis, rus dillərində aparılacaq.
Konfrans materiallarından ibarət məcmuə elektron variantda (PDF formatında) iştirakçılara göndəriləcək. Seçilmiş məqalələr “Azərbaycan Məktəbi” jurnalının xüsusi buraxılışında çap ediləcək. Konfrans “T-NETWORK” platforması üzərindən onlayn formatda keçiriləcək.
Mənbə: azertag.az