Ankarada keçirilən Azərbaycanın Dövlət Bayrağı Günündə rəsm sərgisi və konsert olub

Ankarada keçirilən Azərbaycanın Dövlət Bayrağı Günündə rəsm sərgisi və konsert olub

Azərbaycanın Ankaradakı Səfirliyində 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə konsert və rəsm sərgisi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan və Türkiyədən olan rəsmi şəxslər, deputatlar, QHT və KİV təmsilçiləri, Ankarada yaşayan və fəaliyyət göstərən həmyerlilərimiz iştirak ediblər.

Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, bu qrupun sabiq rəhbəri Necdet Ünüvar, qardaş ölkə parlamentinin üzvü Məyin Gündoğan və digər nüfuzlu şəxslər tədbir iştirakçıları arasında olublar.

Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim 9 Noyabr – Azərbaycanın Dövlət Bayrağı Günü, üçrəngli bayrağımızın təsis olunmasının tarixi və müasir dövlətimizin əsas atributuna çevrilməsi ilə bağlı iştirakçılara məlumat verib.

Tədbir çərçivəsində rəsm sərgisi olub. Türkiyənin müxtəlif universitetlərində çalışan soydaşlarımız, görkəmli rəssamlar Teymur Rzayev, Elçin Mustafayev, Məhəmməd Əliyev, İlham Ənvəroğlu, Mansur Cəfərov, Məhər Bayramoğlu, Məhəmməd Yüzbaşıyev və Vahid Novruzovun yağlı boya üstündə çəkdikləri bir-birindən qiymətli portretlər ziyarətçilərdə heyranlıq yaradıb.

Bakıdakı 6 saylı məktəb-liseyinin səkkizinci sinif şagirdi yeniyetmə rəssam Leyli Heydərlinin “Leylinin rəngli dünyası-3” adı altında ziyarətçilərə təqdim olunan əsərləri ayrı bir guşədə sərgilənib.

Rəssamlar səfirliyin diplomları ilə təltif olunublar.

Mərasim bədii hissə ilə davam edib.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Mənbə: azertag.az