Azərbaycanda somalili tələbələr üçün təhsil imkanları müzakirə edilib

Azərbaycanda somalili tələbələr üçün təhsil imkanları müzakirə edilib

Paris, 13 noyabr, AZƏRTAC

Parisdə UNESKO-nun Baş Konfransının 40-cı sessiyası çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, Xarici İşlər nazirinin müavini Ramiz Həsənov Somalinin Təhsil və Mədəniyyət naziri Abdullahi Godah Barre ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-Somali ikitərəfli əlaqələrinin inkişafına toxunulub.

Somalinin Təhsil və Mədəniyyət naziri iki ölkə arasında ali təhsil və mədəniyyət sahələrində əlaqələrin inkişaf etdirilməsinin vacibliyinə toxunaraq, ölkəsinin bu sahədə maraqlarından danışıb. Bildirib ki, hələ sovet dövründən iki ölkə arasında əlaqələr inkişaf edib. Həmin dövrdə somalili tələbələr Azərbaycan universitetlərində ali təhsil alıblar. Təhsil sahəsində əlaqələrin yenidən inkişaf etdirilməsinin və möhkəmləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

R.Həsənov iki ölkə arasında təhsil və mədəniyyət sahələrində əlaqələrin əhəmiyyətindən söz açıb. Ali təhsil sahəsində xarici tələbələr üçün yaradılmış mövcud şərait haqqında məlumat verib. Bildirib ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdən olan tələbələrə təqaüd verilir. İnkişaf etməkdə olan ölkələrdən gələn tələbələr üçün ölkəmizdə xüsusi şəraitin yaradıldığı da qeyd olunub.

Eyni zamanda, nazir müavini Xarici İşlər Nazirliyinin nəzdində Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) fəaliyyəti haqqında, Agentliyin 90-a qədər ölkəyə, xüsusilə də Afrika ölkələrinə dəstəyindən söz açıb.

Azərbaycan ilə UNESKO arasında 2013-cü ildə imzalanmış Çərçivə Sazişi, saziş əsasında yaradılmış Etimad Fondu haqqında məlumat verilib. Bu saziş çərçivəsində Azərbaycanın UNESKO-nun prioritet sahə kimi qəbul etdiyi Afrikada qızların təhsili üzrə, eləcə də digər ölkələrdə qeyri-maddi mədəni irsin qorunması, elm və texnologiyalar sahəsində həyata keçirilən layihələrdən danışılıb. Ölkəmizin az inkişaf etmiş ölkələrə təhsil, elm və mədəniyyət sahələrinin inkişafında xüsusi yardım göstərdiyi vurğulanıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Mənbə: azertag.az