"Bu qurumun ləkələnmiş imici artıq aradan qaldırılmaqdadır və biz bunu alqışlayırıq"

Moderator.az Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalının parlamentin bu günki iclasındakı çıxışını sinxron olaraq təqdim edir:

"Bu ilin əvvəlində ölkə prezidentinin xalqımızın həyat səviyyəsinin yüksəldilməsinə xidmət edən sosial islahatlar paketi təqdim etməsi haqlı olaraq cəmiyyətimiz tərəfindən inqilabi xarakter daşıyan bir addım kimi qiymətləndirildi və əminəm ki, növbəti illərdə də bu proses davam edəcək, əhalinin sosial rifahı üçün atılan addımlar özünün konkret nəticələrini verəcək. Etiraf etmək lazımdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyinin yenilənməsi də orada olan neqativ halların aradan qaldırılmasında ciddi rolunu oynamaqdadır, onun ləkələnmiş imici artıq aradan qaldırılmaqda və sözün həqiqi mənasında bu qurumda öz adına layiq addımların atılmasını görürük və təbii ki, alqışlayırıq. Mən hörmətli Sahil müəllimə bir-iki məsələ ilə bağlı fikrimi bildirmək və qaldıracağım məsələyə onun da münasibətini öyrənmək istərdim.

İlk növbədə uşaqpulları ilə bağlı. Bilirsiniz ki, bu mövzu cəmiyyətdə hələ də kifayət qədər aktualdır. Əlbəttə, müxtəlif yanaşmalar var. Ancaq mənə elə gəlir ki, uşaqpulu ilə bağlı məsələnin də təsnifatını aparmaq lazımdır və hansı kateqoriya ailələrin uşaqpulu alması məsələsinə aydınlıq gətirilməlidir. Heç kimə sirr deyil ki, bu gün Azərbaycanda nikahdankənar çoxlu uşaqlar dünyaya gəlir və günlərin bir günündə nikahdan kənar doğulmuş həmin uşağın atası ailəni tərk edərək ya gedib başqa ailə qurur, ya da hansısa bir səbəbdən həmin ailədən uzaqlaşır. Beləliklə həmin ana öz uşağı ilə təkbaşına qalır. Çox hallarda həmin ana da heç bir yerdə işləmir, övladını saxlamağa gücü çatmır, beləliklə də həmin uşaq dövlətin himayəsindən kənarda qalır. Məncə, bu kateqoriya uşaqlara uşaqpulunun verilməsi çox zəruridir və olduqca vacibdir. Digər tərəfdən elə ailələr var ki, doğrudan da onların uşaqpuluna ehtiyacı yoxdur. Amma elə ailələr də var ki, onlar ünvanlı sosial yardım almırlar, halbuki onların da dövlətin himayəsinə ehtiyacları var. İstərdim ki, hörmətli Sahil müəllim bu məsələlərə aydınlıq gətirsin və problemin həlli yollarını bizim üçün aydınlaşdırsın. Digər tərəfdən tədricən ünvanlı sosial yardımdan imtina edib bu yardımı məşğulluq proqramı çərçivəsində həyata keçirmək lazımdır. Çalışmaq lazımdır ki, insanlarımız əməyə alışsınlar, onlara verilən həmin sosial yardımdan daha çox təsərrüfat işlərində məşğul olsunlar, beləliklə də öz ehtiyaclarını ünvanlı sosial yardımdan daha effektiv şəkildə təmin edə bilsinlər.

İkinci vacib hesab etdiyim və kifayət qədər də sual doğuran məsələ sosial müdafiə fonduna vətəndaşlarımızın işlədikləri müddətdə ayırdıqları vəsaitin sonrakı taleyi ilə bağlıdır. Tutaq ki, həmin vətəndaşın bir qismi gəlib pensiya yaşına çatdıqdan sonra toplanmış həmin vəsaitlər hesabına pensiyalarını ala bilirlər. Amma başqa bir qisim vətəndaş da gəlib heç pensiya yaşına çatmır. Halbuki onun həmin fondda kifayət qədər pulu qalır. Bu pul həmin mərhumun vərəsəsinə nə üçün verilmir? Bu da kifayət qədər ciddi problemdir və mənə elə gəlir ki, bu məsələ qanunvericilik səviyyəsində də həllini tapmalıdır".

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Ağcabədidə mağazadan oğurluq edilib

SONRAKI XƏBƏR

Şəhərdə insan kəlləsi ilə gəzən gənc: TUTULDU