Şəhid döyüşçünün qızı: “Mehriban Əliyeva bankda girov olan evimizi qaytardı, anamı əməliyyat etdirdi…”

Şəhid döyüşçünün qızı: “Mehriban Əliyeva bankda girov olan evimizi qaytardı, anamı əməliyyat etdirdi…”

1992-ci ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olan Şaban Cəfərovun ailəsinin bank tərəfindən müsadirə edilən evi Birinci Vitse-Prezident Mehriban Əliyevanın köməyi ilə özlərinə qaytarılıb. Mehriban Əliyeva üstəlik şəhidin həyat yoldaşı Şərafət Cəfərovanın müayinə və müalicəsinə də köməklik edib.

Bu barədə virtualaz.org-a şəhidin qızı Nərminə Cəfərova məlumat verib. Cəfərovanın sözlərinə görə, 2014-cü ilin avqustunda Mingəçevir şəhərində yerləşən mənzilini girov qoymaqla “Xalq Bank”dan anasının əməliyyatı üçün 14 min 802 manat məbləğində kredit götürüb. Bankla bağlanılan müqavilədə kreditin məbləği 19 min dollar göstərilib. Bir il müddətində hər ay vaxtlı-vaxtında krediti ödəyib, ümumilikdə banka 13 min 275 manat geri qaytarılıb. Lakin bir-birinin ardınca baş verən devalvasiyadan sonra yenidən borc hesablanıb: “Bankın rəhbərliyinə müraciət edərək qalan məbləği əvvəlki məzənnə ilə ödəməyimə icazə istədim. Lakin bank razı olmadı. Əksinə dedilər ki, devalvasiyadan sonra 40 min manat borc yaranıb”.

Bank şəhid ailəsini məhkəməyə verib, işə Mingəçevir Şəhər Məhkəməsində baxılıb. Qərardan narazı qalan şəhid ailəsi Şəki Apellyasiya Məhkəməsinə şikayət edib. “Bank girovda olan mənzilimizi satmaq üçün hərraca çıxarmaq istəyirdi, 50 min manatlıq mənzili 22 min manat məbləğində dəyərləndirmişdilər. Hansı ki, həmin evi bizə 1994-cü ildə ümummilli lider Heydər Əliyev bağışlamışdı. Məhkəmə ekspertiza keçirdi, ev 48 manat məbləğində dəyərləndirildi”.

Şəki Apellyasiya Məhkəməsi borcun tamamilə ödənilməsi, əks halda mənzilin banka satılması ilə bağlı qərar çıxarıb. Şəhid ailəsi bu dəfə Ali Məhkəməyə şikayət edib. “Ali Məhkəmə bu ilin aprelində prosesə bizim iştirakımız olmadan baxıb, hətta qətnamədən də xəbərimiz olmayıb”,-şəhid qızı əlavə edib.

Təxminən 2 həftə əvvəl ailə məktub alıb, məktubda bildirilib ki, ev hərraca çıxarılıb, ya təcili olaraq 28 min manat banka ödənilməlidir, ya da mənzil noyabrın sonundək boşaldılmalıdır. Çarəsiz vəziyyətdə qalan ailə Mehriban Əliyevaya müraciət edərək yardım istəyib.

“Mehriban Əliyeva müraciətimizə dərhal reaksiya verdi, köməklik göstərdi, evimiz girovluqdan azad edildi, banka olan borcumuz bağlandı. Üstəlik anamın əməliyyatına da köməklik göstərdi, hazırda müalicəsi davam edir. Bir ayın içərisində hər iki problemimiz həll olundu. Buna görə Mehriban Əliyevaya minnətdarıq”,-şəhid döyüşçünün qızı bildirib.

Ü.Xudiyeva

Virtualaz.org

Mənbə: virtualaz.org