“Ölkəmizdə media fəaliyyəti üçün münbit şərait mövcuddur” - Əflatun Amaşov

"Artıq üçüncü gündür ki, biz ölkəmiz üçün çox vacib məsələləri müzakirə edirik. İndiki məsələ də çox əhatəlidir və mütərəqqidir. Hesab edirəm ki, Vegi Məcəlləsinə müzakirə etdiyimiz dəyişikliklərdən irəli gələn məsələlər qarşımızda tam yeni mərhələ açır. Biz bu mərhələni məsuliyyət mərhələsi kimi də dəyərləndirə bilərik”.

Cebhe.info xəbər verir ki, bunu millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinin müzakirəsi zamanı deyib:

“İlk diqqətimi cəlb edən Məcəllədən iri vergi ödəyicisi anlayışının çıxarılması və məsələnin digər maddələrə əlavələrlə daha da konkretləşdirilməsidir. Məcəlləyə “Yalan əqd” anlayışının daxil edilməsini xüsusilə vacib sayıram. Müəssisələrin hüquqi sahibləri ilə yanaşı, faktiki sahibləri, yəni təsisçiləri də məsuliyyətdən kənarda qalmamalıdır.

Bunları müsbət qiymətləndirirəm. Təbii ki, müəyyən qeydlərim də var.

Bu baxımdan Məcəllənin 2.4-1-ci maddəsinə əlavəyə münasibətimi ifadə etmək istərdim. Göstərilir ki, sahibkarlıq və investisiya fəaliyyətini təşviq edən azadolmalar və güzəştlər müddətli olmalı və fərdi xarakter daşımamalıdır. Bunun vurğulanmasına ehtiyac görmürəm. Əvvəla ölkəmiz sahibkarlıq və investiyası fəaliyyətini təşviq edir. Cənab Prezident də çıxışlarında dəfələrlə məsələyə toxunub. Belə olan halda bu maddənin məcəlləyə əlavə edilməsi belə desəm, mənəvi uyğunsuzluq yaradır. İkincisi, əgər azadolma və güzəşt, eyni zamanda onun şamil edildiyi qrup müəyyənləşdirilirsə, bunu nə vaxtsa məcəlləyə dəyişikliklə də həyata keçirmək mümkündür. Məncə, sənədin ümumən mütərəqqi təbiətini bu cür ifadələrlə ağırlaşdırmağa ehtiyac yoxdur.

Söhbət Vergi Məcəlləsindən düşübsə, mən bu sənəddə əksini tapan, ancaq tamamilə başqa qərarla icra olunan məqama diqqətinizi çəkmək istərdim. Məsələyə bir neçə dəfə toxunmuşam da. Vergi Məcəlləsinin 164.1.7-ci maddəsində göstərilir ki, kütləvi informasiya vasitələri məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr, mətbu kütləvi informasiya vasitələri məhsulları istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla) ƏDV-dən azaddır.

Ancaq bilirsiniz ki, 2016-cı ildən ölkəyə gətirilən qəzet kağızı və hazır çap məhsulları əlavə dəyər vergisinə cəlb edilir. Kitablarla bağlı hörmətli Fazil müəllim də söylədi. Çünki yuxarıda qeyd etdiyim azadetmə vaxtilə Məcəllə ilə paralel şəkildə Nazirlər Kabinetinin qərarında da əksini tapmışdı. Həmin qərar 2015-ci ildə ləğv edildiyindən ƏDV tətbiq olunur. Olmazmı ki, biz bu məsələdə Nazirlər Kabinetinin ləğv edilmiş qərarını deyil, Vergi Məcəlləsini rəhbər tutaq? Bu verginin tətbiqindən dövlət büdcəsinə cəmi 600 minə yaxın vəsait daxil olur. Rəqəm elə də böyük deyil. Ancaq mətbuat üçün kifayət qədər böyük rəqəmdir.

Yeri gəlmişkən, məcəllənin 164.1.8-ci maddəsinə də diqqət yetirdim. Orada ümumtəhsil müəssisələri üçün dərslik komplektləri (iş dəftərləri istisna olmaqla) və uşaq ədəbiyyatının istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətnin də ƏDV-dən azad olunduğu göstərilir. Bu imtiyaz niyə mediaya da şamil edilməsin? Detallara getmək istəməzdim, ümumən “Vergi ödəməkdən azad edilmə” adlı 164-cü maddədə elə bəndlər var ki, onlar üzrə ayrı-ayrı sahələrlə bağlı vergidən azadetmə KİV fəaliyyəti qədər önəmli deyil. Unutmayaq ki, ət, çörək və digər yemək məhsulları heç də mənəvi qidadan qiymətli olmamalıdır.

Biz hər zaman, hər yerdə bildiririk ki, ölkəmizdə media fəaliyyəti üçün münbit şərait mövcuddur. Bir sıra imtiyazlar var. Mediaya dövlət qayğısı göstərilir. Belə olan halda məncə, ƏDV-nin ləğvini də növbəti imtiyaz kimi nəzərdən keçirməyə dəyər. Buna ehtiyac var. Habelə Vergi Məcəlləsinin timsalında qanunvericilik əsasının olduğunu da vurğuladım".

Cebhe.info

 

 

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

Nəsiminin 650 illik yubileyinə həsr olunan şeir müsabiqəsinə yekun vurulub

SONRAKI XƏBƏR

Bergüzarla Halitdən 3,5 milyonluq reklam