NK qərar verib, BNA icra etmir? – Rəsmi

NK qərar verib, BNA icra etmir? – Rəsmi

Cəfər Xəndan və Əhməd Rəcəbli küçələrinin kəsişməsi Bakının ən problemli və mübahisəli yolayrıcılarından biridir. Sözügedən yolda düz hərəkət edən avtomobillər fasiləsiz olaraq sağdan və soldan gələn maşınları gözləməli, daha sona hərəkət etməlidir.

Lakin sözügedən yolda intensiv hərəkət olduğundan və sağ və soldan gələn avtomobillərin ardı kəsilmədiyindən, ciddi sıxlıq yaşanır. Günün pik saatlarında ərazidə problem daha da acınacaqlı hal alır. Sürücülər belə vəziyyətdə adətən qarşı yola çıxaraq hərəkət etməli olurlar.

Sözgüdən problemlə əlaqədar hələ iyul ayında Axar.az-a açıqlama verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirmişdi ki, vəziyyətlə əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi tərəfindən Nazirlər Kabinetinə müraciət edilib və ərazidə qısa müddətdə işıqfor qoyulması ilə bağlı qərar qəbul edilib.

V.Əsədov əlavə etmişdi ki, Bakı Nəqliyyat Agentliyi iyul ayının sonuna qədər qərarı icra edərək, əraziyə işıqfor qoyacaq.

Ancaq aradan bir neçə ay keçməsinə baxmayaraq, əraziyə hələ də işıqfor quraşdırılmayıb.

Problemlə əlaqədar “Yeni Müsavat” qəzetinin sözügedən ərazidən hazırlanmış reportajına Baş Dövlət Yol Polisi İdarəsindən verilən rəsmi açıqlamada bildirilib ki, əraziyə işıqfor qoyulması üçün Bakı Nəqliyyat Agentliyindən DİN-in Baş DYP İdarəsinə daxil olmuş müraciətə baxılıb.

Bildirilib ki, məsələnin həlli ilə bağlı ərazi müayinə olunarkən sözügedən yolayrıcında hərəkət növbəliliyinin işıqforun siqnalları ilə nizanlanması məqbul sayılıb və bu barədə 01.09.2018-ci il tarixində Nazirlər Kabinetinə məlumat verilib.

Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili üçün tətbiq olunan texniki nizamlanma vasitələrinin, o cümlədən işıqforların quraşdırılması BNA tərəfindən həyata keçirildiyi üçün sözügedən quruma da müraciət etdik.

BNA-nın mətbuat katibi Mais Ağayev Axar.az-a açıqlamasında bildirdi ki, həmin ərazidə mütləq şəkildə işıqfor olacaq:

“Ərazidə ilkin mərhələdə infrastruktur işləri icra olunurdu. Artıq bu işlər yekunlaşıb və yaxın vaxtlarda işıqfor obyektləri də quraşdırılacaq”.

Mənbə: axar.az