Daşqınlar Venesiyaya bir də qayıdıb

Daşqınlar Venesiyaya bir də qayıdıb

Qeyri-adi daşqın cümə günü Venesiyaya qayıdıb. Şəhər meri Müqəddəs Mark Meydanını bağlamağa və 50 ildə ən güclü daşqın yaşayan İtalyanın bu tarixi şəhərinin təmiri üçün ianə istəməyə məcbur olub.

Cümə günü günortadan əvvəl dəniz səviyyəsinin 1,54 metr yüksəlməsi tarixi mərkəzin əksər hissəsini suyun altında qoyub.

Bələdiyyə başçısı Luici Bruqnaro jurnalistlərə verdiyi şərhində dizdən yuxarı su basmış Müqəddəs Mark Meydanını bağlamaq üçün polisə müraciət etmək məcburiyyətində qaldığını deyib. Su çəkilməyə başlasa da, uzunboğaz çəkmə geyinmiş işçilər, insanların meydandan keçmək üçün istifadə etdiyi platformaları çıxarmağa başlayıb.

Çərşənbə axşamı suyun dəniz səviyyəsindən 1,87 metr qalxması şəhərin ikinci ən ağır selinə səbəb olub ki, bu da İtaliya hökumətini fövqəladə vəziyyət elan etməyə vadar edib.

Cümə axşamı İtaliya hökuməti Venesiyanın təcili təmir təmir edilməsi üçün 20 milyon avro maliyyəni təsdiq edib.

Mənbə: www.amerikaninsesi.org